news Image
2012.04.27
15:06
| A A A
Azərbaycana gəlmək istəyənlər ölkə haqqında məlumatları internetdən əldə edirlər

Movqe.az xəbər verir ki, Birləşmiş Millətlər İnkişaf Proqramının (United Nations Development Programme) "Turizm İnkişaf Layihəsi"nin (Tourism Development Project) sifarişi əsasında "Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə araşdırma" hesabatı hazırlanıb. Araşdırma Berlində keçirilən "Turizm üzrə ITB Beynəlxalq Berlin Sərgisi"ndə "Business Insight International Research GROUP" tərəfindən həyata keçirilib.

Bu araşdırma layihəsinin icra edilməsində məqsəd xarici turistlərin Azərbaycan haqqında məlumatlılıq səviyyəsini öyrənmək və turizm vərdişlərini ətraflı şəkildə tədqiq etməkdən ibarətdir. Araşdırmanın nəticələri göstərir ki, səyahət yerini seçərkən respondentlər əsasən internetdən yararlanırlar (53,6%).

"Google"-un ən populyar veb-səhifə olmasına baxmayaraq, respondentlərin əksəriyyəti - 82,8 faizi yararlandıqları mənbənin adını çəkməyiblər. İnformasiya mənbələri arasında  ən çox istifadə olunanlardan biri də jurnallardır (8,6%). Amma informasiya mənbəyinin jurnallar olmasını qeyd edən respondentlərin 93,3%-i konkret olaraq hər hansısa bir jurnalın adını çəkməyiblər.

Respondentlərin 8,6 faizi informasiya mənbəyi kimi qəzetdən istifadə etdiklərini deyiblər. İnformasiya əldə etmək üçün qəzetlərə müraciət edən respondentlərin böyük əksəriyyəti (97,7%) heç bir qəzetin adını çəkə bilməyib. Maraqlı bir fakt da budur ki, Azərbaycana gəlmək istəyən respondentlər (54,7%) Azərbaycan haqqında məlumatları internetdən, əsasən də "Google"-dan alırlar (14,6%).

Televiziyanın informasiya əldə etmək üçün populyar mənbə olmamasına baxmayaraq, o, səyahət barəsində ideyaların əldə edilməsi üçün bir mənbədir. Nəticələr göstərir ki, respondentlər daha çox "BBC 1" kanalından səyahət barəsində ideyalar əldə edirlər (27,3%) . Bəzi respondent qrupları (19%) səyahət haqqında ideyaları əldə edərkən heç bir televiziya kanalından yararlanmadıqlarını qeyd ediblər. Azərbaycanı ziyarət etməyi iddia edən respondentlərin bir qismi səyahət haqqında fikirləri, ideyaları "BBC 1" (25,3%) və "ITV" (22,3%) kanallarından əldə etdiklərini deyirlər.

Təhlillər göstərir ki, Azərbaycan haqqında eşidən respondentlər bu məlumatları əsasən internetdən və dostlarının tövsiyələrindən əldə edirlər. Sorğu nəticələri təsdiq edir ki, respondentlərin səyahət ideyaları əldə etməkdən ötrü üz tutduqları əsas mənbə veb-səhifələrdir (53,6%).

Belə ki, "google.com" daha çox istifadə olunan veb-səhifədir. Araşdırmada televiziya kanalları çox da populyar mənbə olmamalarına baxmayaraq, TV kanallardan "BBC 1" (27,3%) və "ITV" (22,1%) müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşdürürlər. Azərbaycan haqqında məlumat alınan mənbə kimi sərgilərin adı çox az respondent tərəfindən qeyd olunsa da, ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə keçirilən mühüm beynəlxalq turizm sərgilərində iştirak etməsi, Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın adı çəkilən aparıcı televiziya kanallarında reklam çarxları yayımlaması tövsiyə olunur.

Əvvəlcədən müxtəlif dillərdə nəşr olunan broşürlərin və poliqrafiya məhsullarının respublikadan çıxan turistlərə paylanması da tövsiyə olunur.

30-40 yaş qrupu 37,6 faizlə bu araşdırmada üstünlük təşkil edən yaş qrupudur ki, respondentlərin də əksəriyyəti (58,9%) müştəri xidmətləri sahəsində çalışanlardır.

Telekommunikasiya sahəsində çalışan respondentlər yalnız 1%-lə təmsil olunublar. Qadınlar 51,1%-lə bu araşdırmanın kəmiyyətcə üstün qrupunu təşkil ediblər. Araşdırma göstərib ki, qadınlar Azərbaycan haqqında daha çox məlumatlıdırlar (50,9%).

Araşdırma nəticələri də bir daha sübut edir ki, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qalibiyyəti və yarışmanın bu il Azərbaycanda keçirilməsi Azərbaycanın tanınmasına öz töhfəsini vermiş oldu (74.1%).

Təhlillər onu deməyə əsas verir ki, əsasən də son dövrlərdə xarici turistlər Azərbaycanı "Eurovision" mahnı müsabiqəsi ilə xarakterizə edirlər. Azərbaycanın tanınması baxımından bu faktor təbii olaraq "Neft" (11,7%) və "Bakının tarixi mədəniyyət mərkəzi olması" (10%) faktorlarını üstələyir. Amma hər bir halda araşdırma nəticələri də təsdiq edir ki, bu cür nailiyyətlər ölkənin reputasiyası üçün çox faydalıdır.

Qeyd edək ki, "Business Insight" bu layihə üzrə tətbiq etdiyi araşdırma metodunu "ICC/ESOMAR"-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə  Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara, "ISO 20252" beynəlxalq standartının tələblərinə və eləcə də müvafiq sahədə əldə etdiyi geniş təcrübəyə əsasən həyata keçirib.


Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs