news Image
2013.03.29
11:19
| A A A
Müdafiə Nazirliyindən Xankəndi aereportu ilə bağlı bəyənat:"Bizim bu məsələdə mövqeyimiz dəyişməyib"
"Bizim bu məsələdə mövqeyimiz dəyişməyib. Azərbaycanın hava məkanını pozan, xəbərdarlığa məhəl qoymayan istənilən təyyarə vurulacaq. Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə mülki təyyarələrin uçuşlar keçirəcəyi ilə bağlı Ermənistan tərəfindən kimin nə açıqlama verməsindən asılı olmayaraq, biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik".
Bu sözləri Movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev
Ermənistan höküməti yanında Mülki Aviasiya Baş İdarəsinin (MABİ) Xankəndi şəhərində mülki təyyarələrin uçuşlarına icazə veriləcəyi ilə bağlı açıqlamasına münasibətində söyləyib. T. Abdullayev bildirib ki, artıq Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bəyanatını verib. Qeyd edək ki, Xankəndi aereportunun uçuşlara başlayacağı barədə İrəvanda jurnalistlərə Ermənistanın  Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan məlumat verib.O, bildirib ki, uçuşlar beynəlxalq təşkilatların qaydalarına uyğun həyata keçiriləcək: "Biz o qaydalardan bir addım belə kənara çəkilmək istəmirik. Çox şey Dağlıq Qarabağın aviasiya qurumlarının fəal işindən asılıdır. Əgər onlar işlərini yekunlaşdırsalar – biz hazırıq".
A.    Movsisyan onu da qeyd edib ki, eniş zolağı yaxşı vəziyyətdədir, uçuşların təhlükəsizliyi tamamilə təmin olunub, sadəcə təyyarələrə göstəriləcək xidmətlə bağlı bir neçə kiçik həll olunmamış texniki məsələ qalıb.
Hərbi ekspertlər isə Ermənistan tərəfin belə əmin danışmasının heç də Xankəndi aereportunun təhlükəsiz uçuşlar keçirəcəyi anlamına gəlmədiyini bildirirlər. Ekspert Yaşar Cəfərli Movqe.az-a açıqlamasında bildirib ki, işğalçı Ermənistanın Xankəndi aeroportunu işə salmaq niyyəti baş tutmayacaq: "Bu aeroportda uçuşların aparılması Azərbaycanın razılığı olmadan heç bir halda mümkün deyil. Çünki, həm hüquqi baxımdan, həmdəki müdafiə baxımından üstünlük Azərbaycan tərəfindədir. Beynəlxalq sənədlərdə, hüquqi aktlarda hər hansı ölkənin hava məkanının pozulması yolverilməzdir. Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə, beynəlxalq uçuşların aparılması üçün bağlı ərazi sayılır. Odur ki, belə bir vəziyyətdə Dağlıq Qarabağ ərazisində hər hansı  beynəlxalq uçuş aparılarsa, bu Azərbaycanın hava məkanının pozulması kimi qiymətləndiriləcək. Beynəlxalq hüquqi aktlar və Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar imkan verir ki, Azərbaycan tərəfi həmin təyyarələri vursun".
Y. Cəfərli deyir ki, Hərbi Hava Qüvvələrinin hava məkanını pozan təyyarələri yerə salması ilə bağlı prosedurları var: "Belə halda Azərbaycan tərəfi öncə hava məkanını pozan təyyarəyə bu barədə xəbərdarlıq siqnalları göndərəcək. Əgər təyyarə hava məkanını pozmaqla bağlı Azərbaycan tərəfinin xəbərdarlığına məhəl qoymazsa, heç şübhəsiz ki, həmin təyarə vurulacaq. Bunun üçün Azərbaycan  tərəfinin hərbi imkanları da var. S-300 raketləri vasitəsilə hava məkanımızı pozan təyyarələrin vurulması mümkündür. Ermənistan tərəfi də bunu yaxşı bilir".
Odur ki, Y. Cəfərli Ermənistan tərəfinin Xankəndi aereportundan istifadəsinin xülya olaraq qalacağını söyləyir.