news Image
2013.03.29
17:45
| A A A
Ukraynanın universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi açılıb
Ukraynanın Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi açılıb. Bu barədə Movqe.az-a  Bakı Slavyan Universitetindən məlumat verilib. Məlumatda bildirilir: Dünyanın nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil ocaqları ilə səmərəli əməkdaşlıq Bakı Slavyan Universitetinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. BSU-nun ölkə hüdudlarından kənarda apardığı işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır. "Azərbaycanşünaslıq" ixtisası üzrə kadr hazırlığı istiqamətində böyük təcrübə toplamış Bakı Slavyan Universiteti dilimizi və mədəniyyətimizi təbliğ etmək məqsədilə müxtəlif ölkələrin universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması və onların fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm rola malikdir. Bu gün Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Belarusun Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti və Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə müntəzəm olaraq müvafiq məşğələlər keçirilir, tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr təşkil olunur, milli və dövlət bayramları, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd olunur. Bu mərkəzlərin yaradılması yalnız universitetlərarası əlaqələrin inkişafı üçün deyil, həm də ölkələrarası siyasi, tarixi, mədəni-kulturoloji və elmi əlaqələrin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dünən sözügedən mərkəzlərin sırasına yeni bir mərkəz də əlavə olunmuşdur. Belə ki, 2010-cu ilin oktyabrında Bakı Slavyan Universiteti ilə Ukraynanın Kiyev Milli Linqvistik Universiteti arasında uzunmüddətli əməkdaşlıq haqqında imzalanmış müqaviləyə əsasən universitetlərarsı tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi əsərlər məcmuələrinin və elmi-metodik vəsaitlərin hazırlanması və ən əsası, KMLU-da Azərbaycan dilinin tədrisi və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması barədə mühüm razılaşma əldə edilmişdir.Artıq Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması ilə bağlı hazırlıq işləri sona çatdırılmış və mərkəz Azərbaycanın ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təchiz olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Slavyan Universiteti bu mərkəzi yalnız metodik vəsaitələrlə təmin etməklə kifayətlənməmişdir. Burada müasir texniki avadanlıq quraşdırılmış, xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət-ənənələrini əks etdirən eksponatlar yerləşdirilmişdir. "Azərbaycanşünaslıq" ixtisası istiqamətində Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini tədris etmək məqsədilə filologiya elmləri doktoru, BSU-nun professoru Rafiq Novruzov KMLU-ya ezam edilmişdir. Martın 29-da, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azırbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycanın Ukraynadakı səfirliyinin təmsilçiləri, BSU-nun və KMLU-nun rektorları, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri, Azərbaycan televiziyasının Ukrayna və Şərqi Avropa üzrə nümayəndəliyinin başçısı, KMLU-nun tələbələri və Kiyevin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. Giriş sözü ilə KMLU-nun rektoru prof R.V.Vasyuk çıxış edərək, iki universitet arasındakı müqaviləyə əsasən fəaliyyət göstərəcək Mərkəzin açılışını əlamətdar hadisə kimi qiymətləndirdi. O qeyd etdi ki, bu hadisədən öncə daha bir mühüm hadisə baş verimşdir: Azərbaycan dili universitetin Şərqşünaslıq fakültəsində öyrənilən dillərin kadastrına daxil edilmişdir. Artıq üçüncü kürs tələbələri fəaliyyətdə olan Mərkəzdə məşğul ola bilərlər. Burada onlar Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı zəngin ədəbiyyatla tanış olmaq imkanı əldə etmişlər. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev bu əlamətdar hadisə münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək, bildirdi ki, bü, Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Mərkəzdən sonra BSU-nun təşəbbüsü ilə Ukraynada açılmış ikinci mərkəzdir. O əlavə etdi ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və açılışı onun anadan olmasının 90 illiynə təsadüf edən bu Mərkəz iki dost xalqın daha da yaxınlaşmasında əvəzsiz rol oynayacaqdır. Daha sonra tədbirdə Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətlinin və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişşenkonun, eləcə də Azərbaycan Dili və Mədəniyyyəti Mərkəzinin fəaliyyət göstərdiyi Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru prof. Aleksey Nestulyanı təbrik məktubları oxundu. ARDNŞ-ın nümayəndəsi öz çıxışında qeyd etdi ki, neft şirkəti də Mərkəzi linqafon kabineti və interaktiv lövhəylə təchiz etməklə onun təşkilinə öz töhfəsini vermişdir. Ukraynada Azərbaycan diaspora təşkilatının sədri Rövşən Tağıyevin qeyd etdiyi kimi bu mərkəz Kiyevdə Azərbaycanın təhsil və mədəniyyət guşəsi kimi fəaliyyət göstərəcəkdir. Tədbirin sonunda azərbaycanlı və ukraynalı tələbələr milli geyimlərdə konsert proqramı ilə çıxış etmişlər. Açılışda xatirə şəkilləri çəkilmişdir. Qeyd etmək lazımdır ki, Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq istiqamətində fəaliyyəti bununla məhdudlaşmır. Hazırda BSU-nun təşəbbüsü və dəstəyi ilə bir sıra xarici ölkələrin nüfuzlu universitetlərində yeni Azərbaycan tədris-mədəniyyət mərkəzlərinin təşkili istiqamətində intensiv iş aparılır və imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş təbligi, tədrisi və tədqiqi sahəsində uğurlu addımlar atılır. Belə ki, BSU ilə Almaniyanın Yohannes Quttenberq Universiteti (Mayns), Rusiyanın Ural Federal Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanmışdır. Müqavilələrin önəmli tərəflərindən biri də sözügedən universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması ilə bağlıdır və bu məqsədlə artıq müvafiq hazırlıq işləri aparılır.Tədbirin  Azərbaycanın Təhsil Naziri Misir Mərdanovun təbrik məktubu oxunub.