news Image
2013.04.01
14:15
| A A A
Cinsini dəyişdirənlər sənədlərini neçə dəyişdirir?
Azərbaycanda cinsini dəyişdirmək üçün həkimə müraciət edənlərin sayı günü-gündən artır. Bu barədə dəqiq statistik məlumat olmasa da, ölkədə bu əməliyyatı keçirənlərin olması Azərbaycanda  transseksualların sayının xeyli artdığını təsdiqləyir. Təbii ki, cinsini dəyişən insanların adı, soyadı da dəyişir. Qadın cinsindən kişi cinsinə, yaxud əksinə cins dəyişdirənlər öz kimliklərini də dəyişdirməlidirlər. Bəs görəsən, cinsini dəyişən transseksuallar şəxsiyyətlərini təsdiq edən sənədini necə dəyişir?
Azərbaycan müsəlman ölkəsidir, həmçinin özünəməxsus milli mental dəyərlərə sahibdir. Odur ki,  cinsin dəyişdirilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Eyni zamanda Azərbaycanda cinsi azlıqlarla bağlı ayrıca qanunvericilik bazası da yaradılmayıb. Belə olan halda, transseksualların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi hansı qanunvericilik bazasının  əsasında həyata keçirilir?
Movqe.az Azərbaycanda cinsini dəyişən transseksualların şəxsiyyət vəsiqələrini necə dəyişdirdiyini araşdırıb. Aparılan araşdırma zamanı bəlli olub ki, transeksuallar cinsini dəyişdirdikdən sonra şəxsiyyət vəsiqəsini dəyişmək üçün ilk növbədə Doğum haqqında şəhadətnamələrini dəyişdirməlidirlər. Qeydiyyat və Notariat baş idarəsindən Movqe.az-a bildiriblər ki, transseksual yaşadığı ərazi üzrə Qeydiyyat İdarəsinə müraciət etməlidirlər: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01mart 2001-ci il tarixli, 52 nömrəli, qərarı var. Həmin qərarda  "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nı müəyyən edən müddəalar yer alıb. Qeyd edək ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.  Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir:
övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə;
nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə;
atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə;
atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda;
vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;
övladlığa götürmə ləğv edildikdə;
atalığın müəyyən edilməsi ləğv olunduqda;
vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə;
cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə;
vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə;
vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
qanunvericilikdə müəyyən edilən digər hallarda.
Cinsin dəyişməsi ilə əlaqədar olaraq ada, soyada və ata adına düzəliş edildikdə, ərizə, həmçinin cinsin dəyişməsi haqqında rəy vermiş səhiyyə idarəsinin olduğu yerdə verilə bilər. Bu zaman transseksual həkimin rəyini Qeydiyyat İdarəsinə təqdim edərək Doğum Haqqında Şəhadətnamənin dəyişdirilməsi üçün müraciət edir. Həkimin rəyi əsasında cinsini dəyişdirən şəxsin Doğum Haqqında Şəhadətnaməsi dəyişdirilir. Orada transseksualın yeni cinsi, adı, dəyişdirilir. Bundan sonra transseksual növbəti prosedur üçün, şəxsiyyətin dəyişdirilməsi üçün müraciət edir. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsindən isə bildirdilər ki, transseksual şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün qeydiyyatda olduğu ərazinin polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə müraciət edir. Bu zaman Doğum haqqında şəhadətnaməsi ilə birgə cinsiyyətini dəyişdirdiyini təsdiqləyən həkim rəyini də bu orqana təqdim edir. Sadalanan sənədlərlə birgə rüsumu, , yaşadığı yerdən arayış və şəkil təqdim etməklə on iş günü ərzində şəxsiyyət vəsiqəsini dəyişdirərək yeni kimliyinmi ala bilər.     
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Ümumvətəndaşlıq Pasportu şöbəsindən də bildirdilər ki, transseksual yeni  ümümvətəndaşlıq pasportu almaq üçün mütləq cinsini dəyişdirdikdən sonra aldığı Doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini və cinsinin dəyişdirilməsini təsdiqləyən tibbi arayışı təqdim etməlidir. Bundan sonra transseksuala yeni ümumvətəndaşlıq pasportu verilir. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs