Əlaqə Arxiv
news Image
2013.04.01
17:59
| A A A
"Məişət zorakılığının qarşısının alınması haqqında” qanun işləmir
Musa Quliyev: "Mən müzakirələr zamanı da bu qanunun qəbuluna qarşı çıxmışam" Ölkədə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilsə də, ailə-məişət zorakılıqlarının qarşısını almaq mümkün deyil. Son günlər baş verən məişət zorakılığı hallarının ağır cinayət hadisələri ilə nəticələnməsi də ölkədə bu qanunun hələ tam gücü ilə işləmədiyini bir daha təsdiqlədi. "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova Movqe.az-a verdiyi açıqlamasında ölkədə son günlər tükürpədici qətllərlə yadda qalan cinayət hadisələrinin məhz ailə-məişət zorakılığı nəticəsində baş verdiyini, məişət zorakılığına qarşı cəzaların sərtləşdirilməli olduğunu söyləyib. Mərkəz rəhbəri deyir ki, ailələrdə baş verən konfliktlər zamanı zorakılıq hallarının baş verməsinə qarşı yüngül inzibati cəzaların təyin edilməsi ağır qətllərlə sonuclanır: "Bu gün məişət zorakılığının qarşısını almaq üçün qəbul edilmiş qanun məişət zorakılığının qarşısını almaqda zərrə qədər  kömək etmir. Əksinə, döyülmənin Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi məişət zorakılıqları hallarını daha da artırır. Həyat yoldaşınə döyən kişi, yüngül cərimə ilə canını qurtarır. Cərimə ödəməklə canını qurtaran kişi, şillə, təpikdən soyuq silahlara keçir. Üstəlik sahə müvəkkillərinin konflikt yaşayan ailələrdən daxil olan siqnallara əhəmiyyət verməməsi bu cür hadisələrin sayını artırır. Əksər hallarda əri tərəfindən döyülərək polisə şikayət edən qadın elə polisin özü tərəfindən qınanılır. Konfliktli ailələrlə profilaktik iş aparmayan sahə müvəkkillərinin bu etinasız davranışı nəticəsində onlar az keçməmiş elə həmin ailədə məişət zəmnində baş vermiş ağır qətll hadisəsi ilə bağlı xəbər alırlar".
Millət vəkili Musa Quliyev də, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun məişət zorakılığının qarşısını almadığını təsdiqləyi: "Mən müzakirələr zamanı da bu qanunun qəbuluna qarşı çıxmışam. Məişət zorakılığı ilə bağlı qanun qəbul olunsa da, bu qanunla məişət zorakılıqlarının qarşısını almaq  mümkün deyil". Millət vəkili deyir ki, hər ailənin öz qanunu var. Bir qanunu bütün ailələrə şamil etmək olmaz: "Əvvəllər məişət zorakılığı halları ona görə az-az baş verirdi ki, ailədə münaqişə zamanı işə ağsaqqallar, ağbirçəklər qarışıb söz-söhbətin böyüməsinə mane olurdular. Bu münaqişə zorakılıq həddinə gəlib çıxmırdı. Ailənin işinə kənar şəxsin, hər hansı təşkilatın müdaxiləsi ilə ailədə söz-söhbətlərə son qoymaq olmaz. Ümumiyyətlə ailələrdə son illər məişət zorakılıq hallarının artmasının səbəbi keçid dövrüdür. İnternetə çıxış imkanları, teleseriallar, qərb ailə modelinin təbliği bu kimi hadisələrin sayını artırır. Azərbaycan kişisi qərb qadının ailəyə münasibətindəki düşüncə tərzini qəbul etmir. Azərbaycanlı bir xanım qərb qadını kimi, onun düşüncəsi ilə öz ailəsinə yanaşanda bu ailədə konfliktlərin yaranmasına gətirib çıxardır".
M. Quliyevin sözlərinə görə, bu cür konfliktlərin məişət zorakılığı, ağır qətllərlə sonuclanmaması üçün mövcud qanunvericilik sahə müvəkkillərinin üzərinə də məsuliyyət qoyur: "Qanunla polisə ailədaxili konfliktlə bağlı siqnal daxil olan kimi, sahə müvəkkili profilaktik iş aparmaq üçün həmin ailə ilə söhbət aparmalı, lazım gələndə təcavüzkar tərəfə qanunun gücünü də göstərməlidir".
 
Sizin Reklam Yeriniz