news Image
2013.04.03
10:30
| A A A
MŞ-dan aksiya iştirakçısı olan jurnalistlərlə bağlı açıqlama
Əflatun Amaşov:"Keçirilən aksiyalarda jurnalist kimi yox, aksiya iştirakçısı sayaq davranan jurnalistlərin çalışdığı KİV-lərin rəhbərləri qarşısında məsələ qaldırılacaq" "Keçirilən aksiyalarda jurnalist kimi yox, aksiya iştirakçısı sayaq davranan jurnalistlərin çalışdığı KİV-lərin rəhbərləri qarşısında məsələ qaldırılacaq. Nəzərdə tuturuq ki, bu məsələni həmin jurnalistlərin işlədikləri mətbu orqanların rəhbərliyi ilə danışaq". Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, dünyanın heç bir yerində jurnalistlər aksiyaların keçirildiyi əraziyə, hadisə yerinə  başqa niyyətlə getmirlər: "Aksiya yerinə gedən jurnalistin bir məqsədi olmalıdır-çalışdığı KİV-i hadisə yerindən operativ, qərəzsiz materialla təmin etmək. Çox təəssüf ki, biz aksiyalar zamanı bəzi KİV-lərin əməkdaşı olan jurnalistlərin aksiyanın içərisində, aksiya iştirakçıları sayaq davrandıqlarını müşahidə etdik. Biz bununla bağlı öz tövsiyyələrimizi vermişik. Amma gələcəkdə də belə hallarla bağlı həmin jurnalistlərin çalışdığı KİV-lərin rəhbərləri ilə danışacağıq. Aksiyada iştirak edən jurnalistlər unutmamalıdırlar ki, onlar hadisə yerinə redaksiyanın tapşırığı ilə gəliblər. Və onların vəzifəsi hadisə yerindən xəbər hazırlamaqdır".
Xatırladaq ki, Azərbaycan Mətbuat Şurası (MŞ) bir müddət əvvəl Bakının Fəvvarələr meydanında keçirilmiş razılaşdırılmamış aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparmışdı. Qurumun Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində "PRESS" yazılmış xüsusi göcəkçələrdə olduqlarını müəyyənləşdirib. Qurumun monitorinq qrupu fərqləndirici geyimdə olan jurnalistlərə qarşı hər hansı təzyiq faktını qeydə almayıb, qrupun üzvlərinə də belə müraciət daxil olmayıb. MŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyaçı qismində çıxış etdiklərini müşahidə edib. Monitorinq qrupunun üzvləri həmin şəxslərə hərəkətlərinin peşə etikasına zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışmaları ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, aksiya yerindən uzaqlaşıblar. Azərbaycan Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdən istifadə etməyi, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edir: "Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və obyektiv informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs