Əlaqə Arxiv
news Image
2013.04.03
15:00
| A A A
TQDK əməkdaşları Astanada keçirilən beynəlxalq müşavirədə iştirak ediblər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Afiqə  Batıyeva və sektor müdiri  Cavanşir Orucov Qazaxıstan Respublikasının Təhsil və Elm  Nazirliyinin "Dərslik" Respublika Elmi-prakrik Mərkəzinin dəvəti ilə 2013-cü il martın 29-30-da Astanada keçirilən Beynəlxalq müşavirədə iştirak ediblər.  


Mövqe.az-ın məlumatına görə, Beynəlxalq Müşavirədə Böyük Britaniya, Rusiya Federasiyası, Polşa, Rumıniya, habelə Belarus və Qazaxıstan Respublikalarının dərslik nəşri ilə məşğul olan nəşriyyatlarının nümayəndələri və dərslik müəllifləri, o cümlədən Kembric Universiteti, Makmillan və Pirson kimi Avropa nəşriyyatlarının nümayəndələri iştirak ediblər. 


"Təbiət-riyaziyyat istiqamətli fənlər üzrə yeni tipli dərsliklərin hazırlanmasına konseptual yanaşmalar: təcrübə və inkişaf meyilləri" mövzusunda keçirilən beynəlxalq müşavirədə həmin istiqamətlər üzrə  dərsliklərin hazırlanması, ekspertizası, qiymətləndirilməsi və aprobasiyası ilə bağlı məruzələr dinlənilib, eləcə də, elektron dərsliklərin hazırlanmasına dair fikir  mübadiləsi aparılıb. 


Dəyirmi masa ətrafında   elektron təhsil (e-learning), Kembric Universiteti nəşriyyatının təbiət-riyaziyyat istiqamətli dərsliklərin hazırlanması təcrübəsi, dünya standartlarına uyğun dərsliklərin hazırlanmasında Macmillan və  Pirson nəşriyyatlarının dünya təcrübəsi, müasir dərsliklərin məzmununun seçilməsi və qurulması, onların  tərtibinə qoyulan psixoloji tələblər, təhsil prosesində elektron tədris vasitələrinin istifadəsi perspektivləri, rəqəmsal tədris vasitələrinin keyfiyyətinin təmin olunması problemləri və onların həlli yolları, keyfiyyətli elektron dərsliklərin hazırlanması texnologiyası, prinsipləri ilə bağlı fikir mübadiləsi aparılıb və  gələcək əməkdaşlıq üçün perspektivlər müzakirə olunub. 


Müşavirədə orta məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və aprobasiyası məsələləri də müzakirə obyekti  olub. A.Batıyeva TQDK tərəfindən respublikanın ümumtəhsil məktəblərində istifadədə olan dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin keçirilməsi mexanizmi  haqqında məlumat verib. Bu məlumat böyük maraq doğurub və Qazaxıstanda gələcəkdə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin təşkilində TQDK-nın təcrübəsinə istinad ediləcəyi bildirilib. 


        


Sizin Reklam Yeriniz