news Image
2013.04.04
12:01
| A A A
Magistraturaya daxil olmaq istəyənlər üçün bəzi ixtisaslar üzrə ixtisaslaşma və proqram seçimi genişləndirilib

2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına daxil olmaq istəyən bakalavrlar üçün bəzi ixtisaslar üzrə ixtisaslaşma və proqram seçimi genişləndirilib. 


Mövqe.az-ın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iqtisadiyyat və idarəetmə ixtisaslar qrupunu bitirən bakalavrların, elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi, enerji maşınqayırması, maşın mühəndisliyi, mexanika mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, təkrar emal və bərpa texnologiyaları ixtisaslarını bitirən bakalavrların proqram daxilində ixtisaslaşma seçimi genişləndirilib. Bundan əlavə, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi ixtisaslarını bitirən bakalavrların biologiya müəllimliyi, biologiya, tərcümə və tarix ixtisaslarını bitirən bakalavrların ixtisaslaşma və proqram seçimi də genişləndirilib. Bitirdikləri ixtisasdan asılı olmayaraq, bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları və ya 22 nömrəli proqrama aid olan Turizm işi ixtisaslaşmasını seçə bilər. Təhsil və humanitar ixtisas qruplarından başqa bütün ixtisasları bitirən bakalavrlar 19 nömrəli proqrama aid olan TEMPUS layihəsi üzrə ixtisaslaşmanı seçə bilər".

 

TQDK sədri qeyd edib ki, cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi martın 3-də keçirilib və bakalavrların məntiq, informatika və xarici dil bilikləri test üsulu ilə yoxlanılıb: "İmtahanda iştirak etmək üçün 21 623 bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfər imtahana gəlməyib, 20 nəfər isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric edilib. İmtahanda 21 077 nəfər iştirak edib və ən yüksək nəticə 97 bal olub".