news Image
2013.04.05
15:09
| A A A
AMEA Tarix İnstitutu ilə Türkiyənin Atatürk Araşdırma Mərkəzi arasında protokol imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə Türkiyə Nazirlər Kabineti yanında Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Atatürk Araşdırma Mərkəzi arasında elmi əməkdaşlıq Protokolu imzalanıb.

 

Mövqe.az-ın məlumatına görə, bu məqsədlə AMEA-nın Tarix İnstitutunda keçirilən və türkiyəli alimlərin də qatıldığı toplantıda çıxış edən institutun direktoru Yaqub Mahmudov rəsmi sənədin imzalanması üçün görülən işləri yüksək qiymətləndirərək, bunu əməkdaşlıq sahəsində mühüm addım kimi dəyərləndirib. Onun sözlərinə görə, sənəd türk dünyasının tarixinin araşdırılmasında, qarşılıqlı əlaqələrin inkişafında, türk tarixinin tədqiq olunmasında müstəsna əhəmiyyətə malikdir: "Bu gün türk dünyası özünün məsul və çətin dövrünü yaşayır. Tarixin düzgün təhlil olunması baxımından çox çatışmazlığımız var. Belə bir şəraitdə biz sözdə, fikirdə, təfəkkürdə birlik nümayiş etdirməliyik. Buna görə də, ortaq türk tarixi yaradılmalıdır. Əməkdaşlıq çərçivəsində hər iki tərəfin alimləri birgə araşdırma aparacaq. Osmanlı arxivlərində olan sənədlər araşdırılacaq. Qarşılıqlı telekörpülərin qurulması və filmlərin yaradılmasını da düşünürük. Türkiyənin və Azərbaycanın ayrı-ayrı bölgələrində görüşlər keçirməyi planlaşdırırıq. Şərqi Anadoluda toplu məzarlıqlar var. Biz bunların araşdırılması istiqamətində fəaliyyət göstərib, bunu dünyaya çatdırmalıyıq".

 

Atatürk Araşdırmalar Mərkəzinin sədri, professor Mehmet Əli Beyhan da çıxışında qarşılıqlı əlaqələrin inkişafında sənədin rolunu xüsusi qeyd edib.

 

Toplantının sonunda AMEA Tarix İnstitutu ilə Atatürk Araşdırma Mərkəzi arasında elmi, mədəni və digər istiqamətləri əhatə edən birgə əməkdaşlıq Protokolu imzalanıb.