news Image
2013.04.05
17:55
| A A A
517 yeni qeydiyyata alınan QİÇS xəstəsinin 41,2% narkomandır

Azərbaycanda İİV infeksiyası epidemiyası, əsasən, yüksək riskli qrupa aid inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2012-ci il üçün ölkə məruzəsi" adlı hesabatında qeyd edilib. Hesabatda göstərilir ki, 2012-ci il ərzində Azərbaycanda İİV (insanın immunçatışmazlığı virusu) infeksiyasına (QİÇS/AİDS) yoluxması yeni aşkar olunan insanların sayı 517 nəfər təşkil edib. Onlardan 502-si (97,1%) Azərbaycan vətəndaşı, 15 nəfəri (2,9%) isə əcnəbidir. İİV-ə yoluxması təsdiq olunmuş 517 nəfərdən 213 nəfər (41,2%) inyeksion yolla İİV-ə yoluxub, onlardan 163 nəfəri (76,5%) dispanser qeydiyyatındadır. Hesabatda Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən qeyd edilir ki, ölkədə 2012-ci ilin sonunadək İİV infeksiyası təsdiq olunmuş rəsmi qeydiyyata götürülənlərin sayı 3784 nəfərə çatıb. Onlardan 3656 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 128 nəfəri (3,4%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 3025-i (79,9%) kişi, 759-u (20,1%) qadındır. 3784 nəfərdən 2234-də (59%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 1626 nəfəri (73,2%) dispanser qeydiyyatındadır.   Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Esmira Alməmmədova Movqe.az-a açıqlamasında bildirdi ki, QİÇS-ə yoluxanların siyahısına narkomanların başçılıq etməsinin səbəbi, yenə də bu təhlükəli xəstəliyin iynə ötürmə yolu ilə yayılmasıdır: "Narkomanlar iynə ötürmə yolu ilə bu xəstəliyi biri-birinə yolxdururlar. Əgər eyni iynədən ilk istfadə edən narkoman bu təhlükəli xəstəliyin daşıyıcısıdırsa, onlar İİV virusunu biri-birinə ötürməklə QİÇS xəstəliyini yoluxdururlar. Bu isə hər il QİÇS-ə yoluxnlar arasında narkomanların sayıının artmasına gətirib çıxardır".