Əlaqə Arxiv
news Image
2013.04.08
11:40
| A A A
İlham Əliyev Bakıda Dünya İqtisadi Forumunun açılışında iştirak edib

Mövqe.az-ın məlumatına görə, Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb.


Prezident İlham Əliyev Forumun açılışında iştirak edib.


Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib.


"Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar" mövzusundakı birinci sessiyanı açan Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsindən qürur duyduqlarını vurğulayıb, ölkəmizin son illərdə sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Uzunmüddətli inkişafa nail olmaq üçün əməkdaşlığın zəruriliyini vurğulayan natiq, Azərbaycanın coğrafi mövqeyinin, yüksək təhsilli işçi qüvvəsinin, əlverişli mühitin olmasının ölkəmizlə uğurlu əməkdaşlıq imkanları yaratdığını qeyd edib.


Bildirilib ki, Dünya İqtisadi Forumunun məqsədi dayanıqlı inkişafa nail olmaq üçün uzunmüddətli təşəbbüslərə start verməkdir. Regionun uzunmüddətli inkişafına nail olmaq üçün burada geniş istiqamətlər müəyyən olunacaq, müzakirələr aparılacaq. Məqsəd region ölkələrinin nadir imkanlarını aşkar etməkdir.


K.Şvab çıxışının sonunda dostcasına münasibətinə və Dünya İqtisadi Forumu ilə yüksək əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.


Sonra Cənubi Qafqazın və Mərkəzi Asiyanın iqtisadi inkişafı ilə bağlı qısa film nümayiş etdirilib.


ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik STAR region ölkələrinin əməkdaşlıq imkanlarından danışıb.


Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.


Ölkəmizin uğurlu inkişafı barədə məlumat verən dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının sürətli inkişafından danışıb. Son on il ərzində bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsi olub, - deyən dövlətimizin başçısı bu müddətdə iqtisadiyyatımızın üç dəfə artdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, biz ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə əsas məsələ təhsildir. Fevralda peykimizin uğurla orbitə buraxıldığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın artıq azsaylı kosmos ölkələrindən olduğunu qeyd edib.


Daha sonra Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtzan Sagintayev, Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostin, Qırğızıstan Baş nazirinin birinci müavini Comart Otorbayev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış ediblər.


Forum işini davam etdirir.

Sizin Reklam Yeriniz