news Image
2013.04.08
11:35
| A A A
Azərbaycanda əcnəbi insan alveri qurbanlarının sayı artır- - SOS
Mətanət Əzizova: "İnsan alveri ilə məşğul olan insanlar ölkə vətəndaşlarından çox, xaricdən gətirilən qadınlara üstünlük verirlər" "Azərbaycanda əcnəbi fahişələrin sayı artır. Bir vaxtlar Azərbaycan insan alveri qurbanlarının üçüncü ölkəyə aparılmasında tranzit ölkə rolunu oynayırdısa, artıq əcnəbi fahişələr ölkə daxilində istismar olunur. Çünki, artıq Azərbaycanda da insan alveri qurbanlarının istismarı üçün yerlər çoxalıb".
Bu sözləri Movqe.az-a açıqlamasında "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova söyləyib. Mərkəz rəhbəri bildirib ki, insan alveri ilə məşğul olan insanlar ölkə vətəndaşlarından çox, xaricdən gətirilən qadınlara üstünlük verirlər: "Buna  səbəb  əcnəbi insan alveri qurbanlarının onları ələ vermək ehtimalının az olması, istismar yerlərində onlardan rahatlıqla istifadə olunmasıdır. Əgər insan alveri qurbanı Azərbaycan vətəndaşıdırsa, onu istismar edən insan alverçisi daim narahatçılıq keçirir. Çünki, onun istismar etdiyi qadının yaxınlarının onu tapmasından, bu barədə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məlumat verməsindən ehtiyat edirlər. Amma onların qurbanları əcnəbi qadınlar olduqda narahatçılıq keçirmirlər. Çünki, burada həmin qadınları tanıyan  və axtaran yoxdur. Odur ki, Azərbaycanda son illər insan alverçiləri əcnəbi qadınları fahişəliyə cəlb etməklə pul qazanmağa daha çox üstünlük verirlər".
M. Əzizova deyir ki, bu qadınlar əsasən Azərbaycana Rusiya və Ukraynadan gətirilir. Ekspert bildirir ki, insan alveri qurbanları olan həmin əcnəbi qadınlar üçüncü ölkəyə aparılmadıqlarından, onların qaçıb özlərinə sığınacaq imkanı da olmur: "Bu qadınlar Rusiya və Ukraynadan birbaşa istismar yerlərinə gətirilirlər.  Bu zaman həmin qadınların qaçması mümkün olmur. Amma üçüncü ölkəyə aparılarkən, insan alveri qurbanları müxtəlif yerlərdə saxlanılır. Bir dəfə Azərbaycanda Özbəkistandan Azərbaycan-Gürcüstan-Türkiyə marşurutu üzrə üçüncü ölkəyə aparılan insan alveri qurbanlarından biri qaçmağa müvəffəq olmuşdu. Həmin qadın bildirmişdi ki, onları Türkiyəyə çay fabrikində işləmək adı ilə ölkədən çıxardıblar. Azərbaycanda isə həmin qadınlar bir qədər kənarda, diqqət çəkməyən yerdə saxlanılıb. Bu kimi faktlar göstərir ki, üçüncü ölkəyə aparılarkən, insan alveri qurbanlarının onları gizlin saxlanma şəraitindən qurbana çevriləçəklərini anlayaraq qaçmaq şansları olur. İkinci ölkəyə gətirildikdə isə, əcnəbi qadınlar birbaşa istismar yerlərinə aparılar və orada qurbana çevrilirlər. Bu kimi hallar Azərbaycanda artmaqdadır. İnsan alverçiləri qurbanlarının əcnəbi olmasından istifadə edərək daha çox pul qazanmağa müvəffəq olurlar. Rusiyalı və ukraynalı qadınlara şərq kişilərinin maraq göstərməsi insan alverçilərinin əcməbi qurbanlarının sayını daha da artırır".