Əlaqə Arxiv
news Image
2013.04.10
17:00
| A A A
Bədii şuralarda telekanallara yaxın adamlar yer almayacaq

"Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio şirkətlərində dil, nitq mədəniyyəti ilə bağlı monitorinqlər keçirir. Və telekanallara öz tövsiyyələrini verir. Amma ölkə prezidentinin təsdiqlədiyi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan sonra bu istiqamətdə daha ciddi tədbirlər görüləcək".

Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov söyləyib. T. Məmmədov bildirib ki, hələki Dövlət Proqramı yeni qəbul olunduğundan bununla bağlı geniş açıqlama sonra veriləcək: "Biz də teleradio şirkətlırində bədii şuraların yaradılmasının tərəfdarıyıq. Hətta MTRŞ sədri Nuşirəvan Məhərrəmli də dəfələrlə bu məsələyə toxunaraq bədii şuraların bərpa olunmasının vacibliyini vurğulayıb. Nuşirəvan Məhərrəmli qeyd edib ki, aparıcı Azərbaycan dilinin qaydalarını bilmirsə, tələffüzü mükəmməl deyilsə, o aparıcılıq etməməlidir".

Qeyd edək ki, N. Məhərrəmli bu məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, belə nöqsanlar əsasən şou xarakterli verilişlərin aparıcılarında olur: "Şou xarakterli verilişlərə bəzən aparıcılar televiziya peşəkarlığı səviyyəsi çox aşağı olan sənətçilərdən seçilir, onların elmi biliyi, savadı sıfır dərəcəsində olur. Həmin aparıcılarla işləmək lazımdır, heç olmasa o cür aparıcılar elementar dünyagörüşünə malik olsunlar, Azərbaycan tarixini, coğrafiyasını bilsinlər".

MTRŞ sədri qeyd edib ki, televiziyalarda bədii şuraların bərpa olunmasına ehtiyac var və bu məsələ xeyli vaxtdır müzakirə olunur: "Lakin hər televiziya kanalı bunu özbaşına edəcəksə, lazım olan nəticə əldə olunmaya bilər. Çünki televiziya kanalı özünə yaxın bildiyi adamı gətirib həmin bədii şuraya qoya və istədiyini həyata keçirə bilər. Buna elə bir mexanizm tapmaq lazımdır ki, onun səmərəsi olsun".

Şura sədri bildirib ki, bu məsələləri koordinasiya edən qurum kimi MTRŞ-nin çıxış etməsinə həmin vahid mexanizm yaradılandan sonra baxılacaq.

Telekanallar da bədii şuraların yaradılmasına qarşı çıxmır.ANS Teleşirkətinin müşaviri Mais Məmmədov deyir ki, aparıcıların Azərbaycan dilini mükəmməl bilməsi ilə bağlı tələblər haqlı tələblərdir: "Aparıcı dili mükəmməl bilməli, tələffüzündə, nitqində qüsur olmamalıdır. Amma çox təəssüf ki, bəzi telekanallarda belə aparıcılar var. Mən də efirlərin bu cür aparıcılardan təmizlənməsini istəyir. Çünki aparıcının dil biliyi, tələffüzündə qüsur varsa, o, efirə buraxılmamalıdır".

Bədii şuraların yaradılmasına gəlincə, M.Məmmədov bu fikrə də münasibət bildirməkdən imtina etdi.

"Space" telekanalının icraçı direktoru Kamil Şahverdiyev də deyir ki, Dövlət Proqramında dilimizin qorunması yönündəki tələblərlə razıdır: "Axı aparıcılıq peşədir. Bu peşənin sahiblərini milyonlar izləyir. Odur ki, efirə buraxılan aparıcının dil biliyi, savadı mükəmməl olmalıdır. Öz doğma dilini mükəmməl bilməlidir. Müğənniliklə aparıcılıq fərqli peşədir. Səsi olan müğənnilik edə bilər. Amma müğənninin peşəsi aparıcı deyilsə, o, aparıcılıq edib milyonlarla kütlənin qarşısına çıxa bilməz. Mən də razıyam ki, efirə belə aparıcılar buraxılmamalıdır. Aparıcılar bədii şuralardan keçərək işə qəbul olunmalıdırlar".

Qeyd edək ki, Azərbaycanda bu il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq. Bu məsələ ölkə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub. Televiziya və radio verilişlərində, yazılı və elektron mət­buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil­mə­si də təmin ediləcək. Bu işlər mütəmadi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi tərəfindən aparılacaq.


Sizin Reklam Yeriniz