Baş onkoloq ittihamlara cavab verdi-Eksklüziv
Azad Kərimli: "“Bakıda işləyən türkiyəli həkimdən dəhşətli faktlar” sərlövhəli məqaləni oxuyub elə mən özüm dəhşətə gəldim"
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli mətbuatda son günlər
Milli Onkologiya Mərkəzinə, eləcə də Azərbaycanın onkologiya
sahəsinə qarşı türkiyəli cərrah Hamdi Koçer tərəfindən
səsləndirilən ittihamlara cavab verib. Bu barədə Movqe.az-a
eksklüziv olaraq danışan ölkənin baş onkoloqu vaxtıilə Azərbaycanda
özəl klinikalarında çalışmış Hamdi Koçerin səsləndirdiyi fikirlərin
faktlara əsaslanmadığını, Azərbaycanda onkologiya sahəsində
güclü mütəxəssislərin çalışdığını söyləyib: "Bakıda işləyən
türkiyəli həkimdən dəhşətli faktlar" sərlövhəli məqaləni
oxuyub elə mən özüm dəhşətə gəldim. Burada heç bir fakt ortaya
quyulmayıb. Türk həkimin dilindən çıxanlar öz təsdiqini tapmamış
onu fakt kimi qəbul etmək gülüncdür. Fakt öz təsdiqini
tapmalıdır. Bu məqalədə yazılanlar isə cəfəngiyyatdır.
Məqalədə Hamdi Koçerin telekanallar vasitəsilə Azərbaycan
xalqını marifləndirdiyi bildirilir. Bu bizim telekanalların
nöqsanıdır ki, savadlı-savadsız xaricdən gələn bütün həkimləri
reklam xətrinə ekrana çıxardırlar. Telekanallar pul qazanmaq
xətrinə bəzən xaricdən özəl klinikalara üz tutan həkimləri ekrana
çıxardaraq, əhaliyə yalnış məlumatların ötürülməsində vasitəçi
rolunu oynayırlar. Azərbaycanda onkoloji xəstələrə yaradılmış
şərait avropa məkanında üç-dörd yerdə var. Hamdi
Koçerin "Ya əməliyyatlarını gəlib bizim xəstəxanada et, ya da
xəstələrini Türkiyəyə apar orada əməliyyat et, biz burada müalicəni
davam edərik" ifadəsi ağ yalandır. Əksinə bu gün qonşu ölkələrdən
bizə onkoloji xəstələr elə ağır vəziyyətdə müraciət edirlər ki, biz
onları vəziyyətdən güclə çıxardırıq. Maraqlıdır, Hamdi Köçer elə
ünlü həkimdirsə niyə öz yorğan döşəyini atıb Azərbaycana gəlib.
Bəllidir ki, xarici ölkələrdə tanınmış, peşəkar cərrahların
qəbuluna yazılmaq üçün növbələr olur. Əgər Hamdi Koçer belə
güclü mütəxəssisdirsə, niyə Türkiyədə öz xalqına xidmət etməkdən
imtina edib Azərbaycanda fəaliyyətini davam etdirməyə üstünlük
verib? Azərbaycan xalqını öz millətindən üstün tuturmu? Əsla yox.
Buna camaatın cibinə girmək adı vermək olar. Çox təəssüf ki,
bəzən xəstələr Hamdi Koçer kimilərinin yalan vədlərinə aldanaraq
bir ətək pul töküb Türkiyəyə və sair ölkələrə müalicə üçün üz
tuturlar. Amma iki-üç dəfə gedib-gəldikdən sonra müalicənin effekt
vermədiyini görüb yenə öz yerli mütəxəssislərimizə müraciət etmək
məcburiyyətində qalırlar. Biz belə xəstələri vəziyyətdən çox
çətinliklə çıxardırıq. Düzdür Türkiyədə güclü, işinin peşəkarı olan
dünyaca ünlü olan həkimlər, cərrahlar var. Amma onlar öz
ölkələrində oturub işləyirlər. Başqa ölkələrə gedib xəstə
axtarmırlar. Çünki onlar artıq özlərini təsdiqləyiblər. Hamdi
Koçer iddia edir ki, güya bizdə onkoloqlar onkoloji xəstələri tibbi
göstəriş olmadan əməliyyat edirlər. Biz o qədər başımız itirmişik
ki, tutub xəstələri lazım oldu-olmadı kəsib əməliyyat edək? Hamdi
Koçer süd vəzi sahəsinə baxdığından, bu xəstəlikdən əziyyət çəkən
qadınların süd vəzilərini itirmək qorxusundan istifadə edir. H.
Koçer bizim Mərkəzdə də leksiya oxuyub. O vaxt bizim süd vəzi üzrə
onkoloqlarımız onu sual-cavabla yerində otuzdurdular. 2010-cu ildə
Hamdi Koçer televiziya kanallarının birində reklam xarakterli
proqramların birinə dəvət almışdı. O, efirdən bəyan etdi ki, əgər
süd vəzi xərçənginin ölçüsü 2 sm-ə qədərdisə ancaq əməliyyat
etməklə, yəni, süd vəzini tamamilə götürmədən, yalnız şişlə əhatə
olunmuş hissəsinin götürərək ona kimya terapiya, şüa müalicəsi
aparılmamalıdır. Onun bu fikri tamamilə yalnışdır. Əslində bu
şişin histoloji quruluşundan asılı olaraq və bioloji
xüsusiyyətlərindən aslı olaraq müəyyənləşdirilir. Süd vəzində
sadəcə cərrahi müalicə yol verilməzdir. Belə xəstələrə şüa
terapiya, kimyaterapiya və hormono terapiyanın aparılması vacibdir.
H. Koçer Milli Onkologiya Mərkəzində bizim həkimlərə süd
vəzilərinin müalicəsi ilə bağlı leksiya oxuyanda, həkimlərimizdən
biri ona sual verdi ki, süd vəzi xərçənginin ölçüsü 2 sm olan
qadının süd vəzini itirməməklə, eyni zamanda xəstəyə kimya
terapiya, şüa müalicəsi aparmamaqla neçə həyatda saxlamaq olar? H.
Koçer etiraf etdi ki, bu mümkün deyil. Bu sözü efirdə reklam
olunmaq üçün, çalışdığı klinikaya müştəri yığmaq üçün
söyləyib. H. Koçer bizim onkoloqları əsassız yerə xəstəni
əməliyyat etməkdə suçlayır. Amma özü Arzu adlı bir xanımı 2010-cu
ilin dekabr ayının son günündə Modern Hospitalda əsassız
olaraq əməliyyat edib. Həmin qadına bizim Mərkəzdə süd vəzinin
ödemli infiltrativ formalı xərçəngi, körpücük altı və
körpücük üstü limfa düyünlərə metastazı diaqnozu qoyulmuşdu. Biz o
xəstəni əməliyyat etməyi məsləhət bilmədik. Ona əməliyyat önü
kimyaterapiya məsləhət görülmüşdü. Əməliyyat edildikdə, bu tip
xəstələrin həyat səviyyəsi çox aşağı düşür,xəstənin ömrü qısalır.
H. Koçer isə onu əməliyyat etmişdi. Bu əməliyyatı xəstənin körpücük
altında və körpücük üstündəki limfa düyünlərə metastaz
veib-vermədiyini öyrənmədən edib. H. Koçer bizim həkimə,
Mərkəzin şöbə müdiri Samir Qurbanova etiraf edib ki, əməliyyatı
xəstənin körpücük altında və körpücük üstündə limfa düyünlərində
metostazın olub-olmadığı barədə məlumatlı olmadan edib. Bu faktdır.
O xəstə uzun müddət Milli Onkologiya Mərkəzində təkrar müayinə
edildi. Mən qeyd etmək istəyirəm ki, bu gün Milli Onkoloji
Mərkəzinə Avstiyadan, Almaniyadan Amerikadan və sair ölkələrdən
mütəxəssislər dəvət olunur. Bizim Mərkəz dünyanın aparıcı
klinikaları ilə əməkdaşlıq edir. Səhiyyənin inkişafı, yerli
kadrları yetişdirilməsi istiqamətində aparılan proqramın
tərkib hissəsi olaraq xaricdən mütəxəssislər dəvət olunur.
Əgər H. Koçer də belə mütəxəssislərdən olsaydı biz onunla da
əməkdaşlıq edərdik. Ona ölkədə işləmək üçün hansı səbəbdən icazə
verilməyib, onu deyə bilmərəm. Çünki, o işlərə qarışmaq
səlahiyyətimiz yoxdur. Amma onu deyə bilərəm ki, Azərbaycan
səhiyyəsinə, onkoloqlarına qarşı səsləndirdiyi ittihamlar əsassız
və gülüncdür".
Qeyd edək ki, H. Koçer Azadlıq qəzetinə müsahibəsində Milli Onkologiya Mərkəzinə qarşı bir sıra ittihamlar irəli sürüb.
Qeyd edək ki, H. Koçer Azadlıq qəzetinə müsahibəsində Milli Onkologiya Mərkəzinə qarşı bir sıra ittihamlar irəli sürüb.