news Image
2013.04.12
14:16
| A A A
Xaricdə dövlət hesabına təhsil alanları ölkəyə qayıdıb işləməyə məcbur edən mexanizm yoxdur
Tamilla Əliyeva: " dövlət vəsaiti hesabına xaricdə təhsil alanların Azərbaycana qayıdıb işləməsi onların öz insafına qalıb" "Azərbaycandan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xəti ilə vasitəsilə xaricdə təhsil alan tələbələrə ölkəyə qayıdıb mütəxəssis kimi işləmədikləri təqdirdə heç bir sanksiya tətbiq olunmur. Xaricdə təhsil dövlət proqramı ilə başqa ölkələrdə təhsil alan tələbələr bu öhdəliklə bağlı müqaviləyə imza atsalar da, onları ölkəyə qayıdıb işləməyə məcbur edən mexanizm yoxdur".
Bu sözləri Movqe.az-a açıqlamasında Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva deyib. Onun sözlərinə görə, dövlət vəsaiti hesabına xaricdə təhsil alanların Azərbaycana qayıdıb işləməsi onların öz insafına qalıb: "Düzdür, onlar bu öhdəliklə bağlı müqaviləyə imza atırlar. Amma bu öhdəliyi yerinə yetirmək yenə xaricdə dövlət vəsaiti hesabına təhsil alan tələbələrin öz insafına qalıb. Biz o tələbələrə inam göstəririk. Hesab edirik ki, həmin tələbələr məzun olarkən bu təhsili dövlətin hesabına aldıqlarını unutmayacaqlar. Öz üzərlərində məsuliyyət hiss edəcəklər ki, indiyədək dövlət onların təhsil, yol haqqı, yaşayış, yemək,sığorta haqlarını ödəyib. Onların da borcu mütəxəssis kimi yetişib vətənə qayıdaraq bu dövlətə, bu xalqa xidmət etməkdir. Mən inanmıram ki, xaricdə dövlət hesabına mütəxəssis kimi yetişən hansısa məzun naxələf çıxsın".
Təhsil nazirliyi xaricdə dövlət vəsaiti hesabına təhsil alan tələbələrin Azərbaycana qayıdaraq burada mütəxəssis kimi çalışacağına inam bəsləsə də, onların arasında təhsillərini başa vurduqdan sonra elə xaricdə qalıb işləməyi üstün tutmaq fikrində olanlar da az deyil. Buna onları məcbur edən səbəb isə, xarici ölkələrdə mütəxəssislərin Azərbaycanla müqayisədə daha yaxşı pul qazanmaq şansının olmasıdır. Xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtdıqdan sonra belə dövlət qulluğunda çalışmaması, özəl sektora meyillənməsi də bunu sübut edir. Hələki bəzi tələbələr dövlətin öz üzərlərindəki haqqını unutmasalar da, xarici ölkələrdə yaxşı mütəxəssislərə verilən qiymət, (əmək haqqı) onların üzüdönük çıxacaqlarına zəmanət vermir. İl-ildən xaricdə təhsil "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"a Dövlət Neft Fondundan ayrılan vəsaitin həcminin artması isə, dövlətin bir ətək pulu hesabına təhsil alan mütəxəssislərinə sahib çıxmağın vaxtı çatdığını deməyə əsas verir. Qeyd edək ki, azərbaycanlı gənclərin xaricdə təhsili üzrə ayrılan vəsait ötən il 20 milyon manat təşkil edirdisə, bu il isə həmin məbləğin 30 milyon həcmində olması nəzərdə tutulur.  Təhsil naziri Misir Mərdanov da öz çıxışında bildirmişdi ki, Proqramın icrasına başlayanda pulu necə çatdıracaqlarını düşünürdülərsə, indi artıq pulun çoxluğundan, onu səmərəli xərcləyə biləcəyiklərindən narahatlıq keçirirlər. Bu isə 30 milyon xərcləyib ölkəmiz üçün mütəxəssis kimi yetişdirilən gənclərin, ölkəmizə qayıdıb işləməsini məcburi edən mexanizmlərin hazırlanmasının vaxtı çatdığından xəbər verir. Çünki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xəti ilə xaricdə təhsil alan tələbələrə ölkəyə qayıdıb mütəxəssis kimi işləməməyə hazırda onların üzərinə məsuliyyət qoyulur. Müqavilədə göstərilir ki, dövlət vəsaitinə xaricdə təhsil alanlar, ən azı 5 il öz ölkəsində çalışmalıdır.