Əlaqə Arxiv
news Image
2013.04.12
16:19
| A A A
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb. 


Öncə Goranboy Rayon İcra Hakimiyyətinin "Modern.az" İnternet Portalı ilə bağlı müraciətinə baxılıb. Əvvəlcə tərəflərin məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirilib. Portalın təmsilçisi bildirib ki, şikayət doğuran yazı Goranboy RİH barədə müxtəlif kütləvi informasiya vasitələrində gedən materiallar əsasında hazırlanıb. Yazıda balans prinsipinin pozulması isə qarşı tərəfdən jurnalistlərin suallarını cavablandıracaq konkret şəxsin müəyyənləşdirilməməsi ilə bağlı olub.  Komisisya üzvləri material hazırlanarkən istinad mənbələrinin göstərilməsini və balans prinsipinin qorunmasını vacib məqam kimi qeyd edərək, portalın gələcəkdə fəaliyyətində bu kimi hallara diqqət yetirməli olduğunu vurgulayıblar.  Eyni zamanda, komissiya Goranboy RİH-in təmsilçisinə də tövsiyələrini verib. Bildirilib ki, gələcəkdə belə mübahisəli məqamların yaranmaması üçün həmin qurumda media ilə əməkdaşlığı tənzimləyə biləcək səlahiyyətli şəxsin müəyyənləşdirilməsi vacidir. 


İclasda "Dünya" İnformasiya Agentliyinin (dia.az) Goranboy RİH-lə bağlı yayımladığı materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşıldığı bildirilib. Qəbul olunan rəydə dia.az-ın təqdim etdiyi materialların əksəriyyətində balans prinsipinin gözlənilməməsi, araşdırmanın nəzərə çarpmaması, birtərəfli ittihamların yer almasının onun obyektivliyini şübhə altına aldığı göstərilib. 


Komissiya Azərbaycan Miqrasiya Mərkəzinin "Moderator.az" Xəbər Portalında yayımlanan "Gəncədə məktəb şagirdi insan alverinin qurbanına çevrilib" sərlövhəli yazı ilə bağlı iradları haqlı sayıb. Göstərilib ki, sayt həmin materialda  zərərçəkmiş azyaşlı şəxsin adını və fotoşəklini yayımlamaqla qanunvericilik aktlarının və AJPDQ-nin "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.6 bəndinin "əgər cinayəti yeniyetmələr və ya uşaqlar törədibsə, ictimai maraq kəsb etmədikdə, bu zaman cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır" tələblərini pozub. Məsələnin ictimai əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Miqrasiya Mərkəzinin Azərbaycan Mətbuat Şurası ilə birgə mövzu ilə bağlı  "dəyirmi masa"lar keçirməsi təklif olunub. 


"Tərtər-Məişət" ASC-nin "Universal press" qəzeti barədə şikayəti tərəflər arasında anlaşma ilə yekunlaşıb. Belə ki, qəzetin baş redaktoru Şahlar Aslanov şikayət doğuran materialda etik prinsiplərin pozulduğunu etiraf edib. O, qarşı tərəfdən üzr istəyərək mətbu nəşrin növbəti sayında şikayətçinin mövqeyinə aydınlıq gətirməyə hazır olduğunu bildirib. 


İclasda "Ehtiyatda və İstehfada olan Zabitlər" İctimai Birliyinin "Exo" qəzeti ilə bağlı müraciətinə baxılıb. Cavabdeh tərəf iddianın əsassızlığı barədə komissiyaya müvafiq materiallar təqdim edib. Lakin müraciət müəllifi müzakirəyə qatılmadığından onun mövqeyinin nə dərəcədə haqlı olmasına aydınlıq gətirmək mümkün olmayıb. Komissiya buna görə də məsələni bitmiş sayıb. 


Sonda məlumat verilib ki, adları Mətbuat Şurasının "reket nəşr"lər üçün tərtib etdiyi "qara siyahı"da yer alan bir sıra qəzetlərlə bağlı MŞ-yə müntəzəm şikayətlər daxil olmaqdadır. Bu ölçüdən nəticə çıxarmayan, ayda bir-iki dəfə işıq üzü görən həmin mətbu nəşrlər yenə müxtəlif qurumları və onların rəhbərlərini hədəf götürməkdə, şərəf və ləyaqətlərinin təhqirinə, işgüzar nüfuzlarının aşağılanmasına yönələn təhdid xarakterli materiallara hər sayda geniş yer verməkdə, etik prinsiplərə zidd hərəkətləri israrla davam etdirməkdədirlər. Qeyd olunub ki, təsisçisi və baş redaktoru Ələsgər Rüstəmov olan "Yeni axtarış" qəzeti barədə son vaxtlar Mətbuat Şurasına daha çox şikayət ünvanlamaqdadır. "Təfəkkür" Universitetindən, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialından və digər təhsil müəssisələrindən, səhiyyə şəbəkələrindən Şuraya göndərilən müraciətlər məsələ ilə bağlı konkret ölçü götürülməsini şərtləndirir. Komissiya qəzetə yanlış yoldan çəkinməyi bir daha tövsiyə edib və belə hərəkətlərin doğura biləcəyi hüquqi  məsuliyyəti nəşr rəhbərinin nəzərinə çatdırıb.


Sizin Reklam Yeriniz