news Image
2013.04.16
13:24
| A A A
Təhsil Nazirliyindən dərsliklərdə olan cinsi mövzularla bağlı açıqlama
"Azərbaycanda dərsliklər hazırlanarkən milli maraqlar, milli mentalitet məsələləri nəzərə alınır. Dərslik müəllifləri, nəşriyyatlar dərslikləri dərslik siyasətinə uyğun hazırlayırlar. Dərsliklərimizin milli dəyərlərimizə uyğun hazırlanıb-hazırlanmadığına  Dərsliklərin Qiymətləndirmə Şurası tərəfindən nəzarət olunur. Bu gün dərsliklərə cinsi marifləndirmə  ilə bağlı ətraflı, açıq-saçıqlığı ilə materiallar salmağa lüzum yoxdur. Çünki, bu zaman həmin materialların tədrisində problemlər yaranır".
Bu sözləri Movqe.az-a açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. F. Şahbazlının sözlərinə görə, biologiya dərsliyinə insanın fizioloji orqanları ilə bağlı ətraflı material salmağa ehtiyac yoxdur: "Biz bu məsələni müəllimlərlə də müzakirə etmişik. Rus sektorunun müəllimləri bu cür materialların tədrisində problem olmadığını söyləsələr də, Azərbaycan bölməsində müəllimlər belə materialları tədris etməyə çətinlik çəkdiklərini etiraf edirlər. Odur ki, biz də qərara gəldik ki, insanın fizioloji orqanları və sair bu kimi məlumtları məktəbdəki bütün uşaqlara tədris etməyə lüzum yoxdur. Əgər kimsə tibb sahəsini seçirsə həmin məlumatları ətraflı öyrənə bilər. Hazırda dərsliklərdə cinsi marifləndirmə kimi məsələlər ədəb qaydalarına riayət etməklə, müəyyən pərdə saxlanılmaqla izah edilir".
Xatırladaq ki, Azərbaycanın təhsil naziri  Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan mentalitetinə uyğun olmayan məlumatlar dərsliklərdə olmamalıdır. Nazir cinsi tərbiyə ilə bağlı dərsliklərdə olan məlumatların tədrisi ilə bağlı yaranan çətinliklərə aydınlıq gətirərək bildirib ki, elə məsələlər var ki, onlar dünyada olsa da, Azərbaycan həqiqətlərinə və mentalitetinə uyğun deyilsə, dərsliklərdə olmamalıdır.