Əlaqə Arxiv
news Image
2013.04.16
15:37
| A A A
“İKT ili” Azərbaycanda uğurla başlayır – ölkə Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd edib ki, hazırkı il - "İnformasiya-kommunikasiya texnologiyaları ili" Azərbaycanda uğurla başlayır. "Azərbaycan kosmik dövlətdir. Bu, böyük, tarixi nailiyyətdir. "Azərspace-1" peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz bu peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır", - dövlət başçısı bildirib.

 

Həmçinin ölkə Prezidenti vurğulayıb ki, İKT sahəsindəki layihələr  korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəyə  xidmət edir. "Elektron xidmət", "Elektron hökumət" layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır. Məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir".

 

"Son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Onların içində "ASAN xidmət"inin fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş "ASAN xidmət"ə müraciət etmişdir. Biz "ASAN xidmət"in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcəkdir. Artıq avtobuslar alınıbdır. Yaxın həftələrdə Azərbaycanda olacaqdır. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaqdır.

 

Bir sözlə, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə vardır. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik", - Prezident İlham Əliyev deyib.

Sizin Reklam Yeriniz