Əlaqə Arxiv
news Image
2013.04.17
11:27
| A A A
Dövlət Neft Fondunun hesabatı

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2013-cü ilin yanvar –mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 523,4 milyon manat, büdcə xərcləri isə 2 929,6 milyon manat təşkil edib.


Mövqe.az-ın məlumatına görə, 2013-cü ilin I rübü ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 413,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 410,7 milyon manat, tranzit gəlirləri 2,1 milyon manat, bonus ödənişləri 0,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 milyon manat təşkil edib.


2013-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 milyon manata bərabər olub.


Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 840,4 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 1,1 milyon manat vəsait ayrılıb. 3,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2013-cü ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 milyon manat təşkil edib.


Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 446,8 milyon manat təşkil edib.


2013-cü ilin aprelin 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 0,6% artaraq 34 325,7 milyon ABŞ dollarına bərabər olub.


2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlanıb və 1 aprel 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 18 356 kq (590 146 troya unsiyası) təşkil edib.





Sizin Reklam Yeriniz