news Image
2013.04.17
13:42
| A A A
İlham Əliyev Mingəçevirdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.


Mövqe.az-ın məlumatına görə, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.


Mingəçevir şəhərinin inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Mingəçevirin inkişafına mühüm töhfə verib. Ümummilli liderin bu fəaliyyətini Mingəçevir şəhər ictimaiyyəti ehtiramla yad edir. Mingəçevir şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də Ulu Öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.


Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanıb. Altı min kvadratmetrlik ərazidə inşa olunan Mərkəzdə ən müasir standartlar tətbiq edilib. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Mərkəz Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlərdən biridir. Mərkəzdə Ulu Öndərin ölkəmizə rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən fotostendlər qurulub.


Prezident İlham Əliyev mərkəzin akt zalı ilə tanış olub. Bildirilib ki, 570 yerlik geniş və işıqlı akt zalında şəhər və respublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur.


Qeyd olunub ki, Mərkəzin ikinci mərtəbəsindən sərgi zalı kimi də istifadə ediləcək. Hazırda burada mingəçevirli rəssamların və heykəltəraşların əl işləri nümayiş olunur. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişafı üçün kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin irsini öyrənən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən monitor-zallar da fəaliyyət göstərəcək. Bundan əlavə, məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər, o cümlədən müasir formatlı kinozal, sərgi salonu, fotostudiya, dizayn və rəsm studiyası yaradılıb.


Sonra dövlətimizin başçısı Mərkəzdə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.