news Image
2013.04.17
13:17
| A A A
Daha bir xəstəliklə bağlı Dövlət Proqramı qəbul olunacaq-Eksklüziv
Musa Quliyev: "Əgər ölkə üzrə müxtəlif xəstəliklərdən dünyasını dəyişənlərin arasında ürək-damar xəstəliyinin böyük payı varsa, deməli bu məsələ bizi narahat etməlidir" "Ölkədə ölüm faktlarının böyük hissəsinin ürək-damar xəstəliklərindən baş verməsi məsələsi bizi narahat etməlidir. Düşünürəm ki, bunun üçün kompleks profilaktik tədbirlər aparılmalıdır. Mənim fikrimcə, ürək-damar xəstəliklərinin qarşısının alınması, müayinə və müalicəsi üçün Dövlət Proqramı qəbul olunmalıdır".
Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev söyləyib. M. Quliyevin sözlərinə görə, artıq 10-a yaxın xəstəliklə bağlı  Dövlət Proqramı qəbul olunub: "Əgər ölkə üzrə müxtəlif xəstəliklərdən dünyasını dəyişənlərin arasında ürək-damar xəstəliyinin böyük payı varsa, deməli bu məsələ bizi narahat etməlidir. Ürək-damar xəstəliklərinin erkən aşkarlanması, müayinə və müalicəsinin, profilaktik tədbirlərin aparılması üçün Dövlət Proqramı qəbul olunmalıdır".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda ölüm hallarının səbəblərini açıqlayıb.
ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə məsləhətçi Sevil Əsədova "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa çıxışında bildirib ki, ölkədə ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Onun sözlərinə görə, bu xəstəlikdən ölənlərin sayı 51% təşkil edir: "Bundan əlavə, ölkəmizdə yoluxucu, qida çatışmazlığı, analıq və perinatal xəstəliklərdən 17%, xərçəngdən 11%, digər xroniki xəstəliklərdən 10%, tənəffüs orqanlarının xroniki xəstəlikləri və zədələnmələrdən 4%, şəkərli diabetdən isə 3% insanlar dünyasını dəyişir. 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər ilə bağlı ölüm hallarının 15% artması proqnozlaşdırılır"