Əlaqə Arxiv
news Image
2013.04.18
16:36
| A A A
Boşanmaların sayının artması aliment problemini böyüdür
Musa Quliyev: "Əslində uşaq onu saxlamaq imkanı olan şəxsə, işləyən şəxsə verilməlidir ki, bu cür problemlər yaranmasın" "Ölkədə boşanmaların sayının sürətlə artımı aliment problemini daha da aktuallaşdırır. Amma bu məsələ Aliment Fondunun yaradılması ilə öz həllini tapa bilməz. Belə bir Fondun yaradılması aliment ödəməyən ataların üzərinə məsuliyyət qoya bilməyəcək. Bundan sonra  bir maraqlı şəxs lazımdır ki, o alimenti atadan ala".
Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. Millət vəkili bir müddət öncə Aliment Fondunun yaradılması ilə bağlı təkliflər səslənsə də, bu Fondun boşanan uşaqlı anaların aliment probleminin həllində çıxış yolu olmadığı qənaətindədir: "Əgər ata öz övladına aliment vermirsə deməli həmin atada övlad sevgisi, insanlıq sevgisi  yoxdur. Üstəlik bu ata məsuliyyətsizdir. Aliment Fondu Anaya atanın əvəzinə pul ödədikdən sonra o pulu atadan necə alıb dövlətə qaytaracaq b usual altındadır. Belə məsuliyyətsiz insanlar öz övladlarından pullarını əsirgəyirlərsə, onları dövlətin borcunu qaytarmağa məcbur etmək çətin olacaq. Yaxşısı budur ki, alimentdən işsizlik bəhanəsi ilə yayınan atalara iş verilsin və onlar aliment ödəməyə məcbur edilsin".
M. Quliyev deyir ki, Aliment Fondunun alimentdən yayınan ataların əvəzinə pul ödəməsi, əksinə süni olaraq boşanma hallarının da sayını artıra bilər: "Rayon yerlərində elə ailələr var ki, ailə başçısı işləmir. Bu Fondun yaradılmasından sonra ailə kağız üstündə ayrıla bilər, ata gedib otura bilər Rusiyada. Belə halda ailə dolanışığını Aliment Fondundan ödənilən məbləğlə keçirə bilər".
Millət vəkili deyir ki,  Azərbaycanda qanunvericilik mentalitetə bağlı olduğundan, nikah pozularkən uşaq ananın himayəsində qalır: "Bu isə ata tərəfindən aliment ödənilməsi ilə bağlı problemlərin sayını artırır. Əslində uşaq onu saxlamaq imkanı olan şəxsə, işləyən şəxsə verilməlidir ki, bu cür problemlər yaranmasın".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda boşanmaların sayı artıb və hər 6-7 nikaha bir boşanma faktı düşür. Məlumata görə, Azərbaycanda bu ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə bərabərdir. Belə ki, ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 16,1 min nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə 2012-ci ilə nisbətən nikahların sayı 6,4-dən 7,1-ə qədər, boşanmaların sayı isə 1,1-dən 1,2-yə qədər artıb.
Sizin Reklam Yeriniz