news Image
2013.04.22
14:55
| A A A
Gənclər Evindən gənclərə dəstək

Yenicə iş həyatına atılan,  yaxud karyera qurmaq arzusunda olan gənclərin ən çox hansı biliklərə ehtiyacı var? Məlumdur ki, hazırda istənilən sahədə işləmək üçün minimum səviyyədə kompüter, dil bacarıqları tələb olunur. İstənilən yerdə uğur qazanmaq üçün həm də insanda özünəinam hissi olmalıdır. Bütün bu və digər bilikləri Bakıdakı ilk Gənclər Evində pulsuz əldə etmək mümkündür. Bakının mərkəzində yerləşən Gənclər Evi 2012-ci ilin noyabrından fəaliyyətə başlayıb. Altı ay ərzində burada yüzlərlə gənc müxtəlif kurslar keçib, fərqli səviyyələrdə bacarıqlar qazanıb. Tam adı"Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi" Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ)olan bu mərkəz müasir texniki avadanlıqla təchiz olunub. Burada gənclər müxtəlif kurslarda təlim keçməklə yanaşı, həm də asudə vaxtlarını təşkil edə bilirlər. Yəni, bu mərkəz doğrudan da aktiv olmaq istəyən, cəmiyyətdə tanınmaq, uğur qazanmaq arzusunda olanlar üçün doğma məkana çevrilib.Gənclər Evində günün istənilən saatında cavan insanlara rast gəlmək mümkündür. Burada ingilis dili, alman dili və kompüter dərsləri ilə yanaşı, marketinq, vəsaitayırma, media, liderlik və digər mövzularda təlimlər də təşkil olunur. Bunlar arasında liderlik kurslarının daha çox maraqlı qarşılandığını demək olar. Çünki bu təlimlərdə müstəqil iş həyatına qədəm qoymağa hazırlaşan gənclərə liderlik qabiliyyəti aşılanır, çətin situasiyalarda necə davranmaq haqda məlumat verilir.  Ümumiyyətlə, kursların hamısı gənc mütəxəssislər, yüksək səviyyəli trenerlər (təlimçilər) tərəfindən keçirilir. Təlimləri  müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunur. Lakin Gənclər Evi öz vəzifəsini yalnız kurs keçirməklə bitmiş saymır. Bu mərkəz gənclərin əlaqələrini gücləndirməsinə də yardım edir. Belə ki, ötən həftə Gənclər Evinin məzunlarının ilk görüşü keçirilib. Görüş zamanı artıq iş sahibi olan gənclər öz təcrübələrini bölüşüblər, karyera həyatında faydalı ola biləcək fikirlərini paylaşıblar. Gənclər Evinin direktoru Elşad Abdullayev bildirir ki, burada 17-28 yaş arasında olan istənilən şəxs öz maraqlarına uyğun sahədə təlimə qatıla bilər, istənilən sahəyə aid suallarına cavab tapa bilər: "Çünki kurslara qatılmaq üçün heç bir əlavə şərt yoxdur. Əsas məqsədimiz gənclərin məşğulluq probleminin həllinə kömək etmək, maraqlı təşəbbüslərini dəstəkləmək, həmçinin onların fərdi inkişaflarına yardımçı olmaqdır".

Qeyd edək ki, Bakının ilk Gənclər Evi layihəsi "Dünya Türk Gənclər Birliyi" (DTGB) İctimai Birliyi tərəfindən icra olunur. Bu birliyin əsası 1992-ci ildə Kazanda qoyulub. Hazırda qurumun tərkibində 19 ölkədən 40-dan çox təşkilat daxildir. Birliyin məqsədi türkdilli xalqların gəncləri arasında həmrəylik və əməkdaşlıq bağlarının yaradılmasına nail olmaq, bu bölgələrin problemlərini tanıtmaq, ümumtürk mədəniyyətini bütün dünyada təbliğ etməkdən ibarətdir. Birliyin sədri Əkrəm Abdullayev hesab edir ki, layihə gənclərin təşkilatlanması, ictimai həyatda daha da aktivləşməsinə də öz mühüm töhfəsini verəcək. Gənclər Evi layihəsi Gənclik sosial inkişaf proqramının tərkib hissəsidir və  2 il davam edəcək. Bu müddət ərzində minlərlə nəfərin bu mərkəzin imkanlarından istifadə edəcəyi planlaşdırılır. Yaxın aylarda digər mövzularda kurslar da fəaliyyətə başlayacaq. Gənclər Evində incəsənətə, idmana aid müxtəlif tədbirləri baş tutacağı da gözlənilir. Gənclər Evinin qapıları uğur qazanmaq istəyən hər bir kəsin üzünə açıqdır.