news Image
2013.04.23
10:40
| A A A
Bu gün orta məktəb şagirdləri üçün ilk monitorinq imtahanı keçirilir

Mövqe.az-ın xəbərinə görə, bu gün Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin həm XI sinif şagirdlərinin, həm də V sinif şagirdlərinin Azərbaycan dili fənni üzrə bilikləri yoxlanılır. XI siniflərdə Azərbaycan dili fənni üzrə sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt verilir. Bu fənn üzrə şagirdlərə imtahanda 30 sual təqdim olunub. İmtahanlar bütün binalarda saat 10:00-da başlanır.

 

V siniflərdə isə Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanılır. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər. İmtahan bütün binalarda saat 12:00-də başlanır.

 

Qeyd edək ki, monitorinq imtahanları digər fənlər üzrə aprelin 24 və 25-də davam etdiriləcək. Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 24 – də riyaziyyatdan, aprelin 25 – də isə fizika fənnindən imtahan verəcəklər. Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 24-də isə riyaziyyat fənnindən, Rus bölməsinin V sinif şagirdləri aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan verəcəklər. Ümumilikdə, monitorinq imtahanlarında XI siniflər üzrə 28205 şagirdin, V siniflər üzrə isə 7772 şagirdin imtahan verəcəyi nəzərdə tutulub. 304 məktəbdə baş tutacaq imtahanı idarə etmək üçün 234 imtahan rəhbəri ayrılıb. Cari ildə monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək.