news Image
2013.04.25
10:08
| A A A
ARDNŞ: «Bizim neft satışı biznesimiz tam şəffaf qurulub»

Azərbaycan neftinin beynəlxalq bazarlarda satışı ARDNŞ tərəfindən dünya standartlarına tam uyğun və şəffaf şəkildə təşkil olunub. Mövqe.az-ın məlumatına görə, bu barədə ARDNŞ-in yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, neft satışı ilə bağlı hər həftə elan olunan tenderlərdə dünyanın bütün iri treydinq şirkətləri iştirak edir. Həmin tenderlər beynəlxalq audit şirkətləri tərəfindən ciddi yoxlanılır: "ARDNŞ bütün dünyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün pioneri kimi tanınan Azərbaycanda bu təşəbbüsü dəstəkləmiş ilk şirkət olaraq Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçid prosesini uğurla başa çatdırıb. Şirkətin konsolidasiya olunmuş bütün hesabatları beynəlxalq audit şirkətlərinin müsbət rəyini alıb. Eyni zamanda, ARDNŞ 3 nüfuzlu beynəlxalq reytinq şirkəti tərəfindən müsbət reytinqlərə layiq görülüb və həmin reytinqlər ilbəil artan istiqamətdə yenilənir".

ARDNŞ bildirir ki, buna görə də Dövlət Neft Şirkəti neft satışı üzrə beynəlxalq tenderlərdə qalib gəlmiş tərəf müqabillərinin işgüzar xüsusiyyətlərini araşdırır, onlar haqqında nüfuzlu beynəlxalq bankların, bazar iştirakçılarının rəylərini öyrənməyə üstünlük verir. Eyni zamanda, həmin şirkətlərin maliyyə vəziyyəti haqqında beynəlxalq audit şirkətləri tərəfindən hazırlanmış maliyyə hesabatları da tələb olunur. Bütün bu məlumat və sənədlər ətraflı təhlil olunduqdan sonra ARDNŞ qarşı tərəflərlə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyət haqqında müqavilələr imzalayır və birgə çalışır. Məlumatda bildirilir ki, Sinqapurun "Sumato Energy PTE Ltd." şirkəti ilə ARDNŞ-in əməkdaşlığı 2010-cu ilin sonunda başa çatıb. Qeyd etmək lazımdır ki, ARDNŞ ilə əməkdaşlıq etdiyi müddətdə həmin şirkət şəffaf və peşəkar fəaliyyət göstərib, neft satışı üzrə öhdəliklərinə vaxtlı-vaxtında əməl edib.

O da qeyd olunmalıdır ki, neft biznesində treydinq şirkətləri ilə çalışmaq beynəlxalq bazarın zəruri şərtidir və bu təcrübədən analoji fəaliyyət göstərən bütün şirkətlər istifadə edir. Treydinq şirkətləri dünya neft bazarının tənzimlənməsində mühüm rol oynayır. ARDNŞ əməkdaşlıq etdiyi bütün treydinq şirkətləri ilə yanaşı, dünya neft bazarını da ciddi şəkildə izləyir.

"ARDNŞ bəyan edir ki, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr çərçivəsində qazanılan nailiyyətlərdən, Şirkətin beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bir sıra daxili və xarici bədxah qüvvələrin hansısa naməlum blogger tərəfindən guya Azərbaycanın dövlət strukturlarının elektron məlumat bazasından ələ keçirildiyi iddia olunan bir neçə sənədin yayılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız açıqlamalarla çıxış etmələri Şirkətimizin işgüzar nüfuzuna və uğurlu neft biznesinə heç bir şəkildə təsir göstərə bilməz", - deyə məlumatda bildirilir.