news Image
2013.04.29
15:33
| A A A
Ağdaşda körpə ölümündə təqsirləndirilən həkim danışdı

Ağdaş rayonunda son 10 gündə ikinci körpə ölümü qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Agdaş Mərkəzi Xəstəxanasında 6 aylıq körpə Bayram Qasımov ölüb.


Belə ki, bir gün əvvəl Ağdaşın Aşağı Ləki kənd sakini Aydın Qasımov gəlini Gülnarə Qasımova ilə birgə ağzında quruma yaranan körpəni müayinə etdirmək üçün Ağdaş Mərkəzi rayon Xəstəxanasına aparıblar.


"Həmin gün müəyyən narahatçılığı vardı. Apardıq xəstəxanaya, Nüşabə adlı həkimin yanına. Həkim uşağı müayinə etdi və iynə vurdu. Ondan sonra uşağın vəziyyəti dəyişdi", - deyə körpənin anası Gülnar Qasımova bildirib.


Onun sözlərinə görə, xəstəxananın reanimatoloq Nüşabə Kazımova körpənin ağzında baş verən quruma halının qarşısını almaq üçün 7-8 fərqli ampulanı bir-birinə qarışdıraraq prob qoymadan uşağın əlinin üzərindəki damaran qana yeriib. İynəni vurmazdan öncə isə əvvəl uşağın boğaz və kürəyini müayinə edib, boğazını "zelyonka" ilə silib. Bundan sonra uşağın vəziyyəti dəyişib. Hətta anası uşağın ağzında qanda görüb. Anası övladının vəziyyətinin pisləşdiyini həkimə dəfələrlə desə də, həkim yalnız onları sakitləşdirərək uşağın sag qalması ucun dua etməyi tövsiyə edib.


Valideynləri körpənin ölümündə həkimi günahlandıralar da Nüşabə Kazımova ittihamları rədd edir. Onun sözlərinə görə, uşaq xəstəxanaya ağır vəziyyətdə daxil olub. "Uşağı müayinə edərkən, onda ağır dərəcəli ağciyər-ürək qan-damar çatışmazlığı aşkarlandı. Bu müddət ərzində onlar uşağı müayinə və müalicə etmədiklərindən bu xəstəliyin onda olmasından xəbərsiz olublar. Mən o uşağa lazımı müalicəni etmişəm. Müalicəmi də təsdiq edirəm. O uşaqda ağciyər çatışmazlığı vardı. Xəstəxanaya gec gətirlidiyindən 20 dəqiqə ərzində onun həyatını xilas etmək mümkün olmadı. Özümü bu ölümdə təqsirkar bilmirəm", - deyə Nüşabə Kazımova əlavə edib.


Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Qeyd edək ki, 10 gün əvvəl də Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində ana və bətnindəki uşaq ölmüşdü.