news Image
2013.04.30
17:18
| A A A
Etnoqrafiya sahəsində maraqlı yeniliklər yaşanır
Şirin Bünyadova: «Son dövrlərdə çoxlu sayda etnoqrafik elmi ekspedisiyalar təşkil edilib, əldə edilən çöl etnoqrafik materialları sistemləşdirilib»

Müasir dövrümüzdə milli oyanışla bağlı olaraq qədim tariximizə hədsiz maraq yaranıb. Bu maraq nəinki Azərbaycanın tarix elmi, eləcə də onun tərkib hissəsi olan etnoqrafiya elminin inkişaf etdirilməsi üçün təkanverici qüvvədir. Elmin hərtərəfli inkişafında qədim tariximizin əhatəli şəkildə araşdırılması mühüm əhəmiyyət kəsb edir. 

Son zamanlar etnoqrafiya sahəsində baş verən yeniliklər barədə Mövqe.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Tarixi-etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, t.e.d. Şirin Bünyadova danışıb: "Son dövrlərdə çoxlu sayda etnoqrafik elmi ekspedisiyalar təşkil edilib, əldə edilən  çöl etnoqrafik materialları sistemləşdirilib.  Onların əsasında fundamental əsərlər yazılıb. Məsələn, hal-hazırda AMEA-nın həqiqi üzvü t.e.d. professor Teymur Bünyadovun rəhbərliyi altında  Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş üçcildlik "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələ folkloru" kitabları yazılaraq çapa hazırlanıb, rus və ingilis dillərinə tərcümə edilib. Bu əsərlərdə Qəbələnin tarixi-etnoqrafik xüsusiyyətləri araşdırılıb, folklor məsələləri  öz əksini tapıb. 

Mənim bu yaxınlarda "Orta əsr Azərbaycan ailəsi" kitabım nəşr olunub. Bu kitabda xalqımızın orta əsrlərdəki ailə və ailə məişəti məsələləri ətraflı şəkildə işıqlandırılıb. Müxtəlif mənbələr əsasında tədqiqata cəllb olunan məsələlər araşdırılıb. Əsərdə ailənin quruluşu, nikah quruluşu, nikah növləri və nikahagirmə formaları, toy mərasimi ilə əlaqədar icra olunan müxtəlif mərasimlər hamam mədəniyyəti, çilə kəsmək ayini, ad qoyma mərasimi, ailə tərbiyəsi, dayəlik, qonaqpərvərlik , sünnət və s. adətlər öyrənilib.   

Bu il t.e.n. Tofiq Babayevin "Qoy həmişə çörək olsun" əsəri işıq üzü görüb.  Kitabda son illər müstəqil Azərbaycanımızda aparılan torpaq və aqrar islahatlar, müasir əkinçiliyin tələblərinə cavab verən yüksək keyfiyyətli toxum sortlarının yaradılması,  çoxəsrlik və zəngin təcrübə əsasında yaranmış əkinçiliyin, xüsusilə, taxılçılığın inkişaf yolu, taxıla, çörəyə diqqət və qayğı, çörəklə bağlı ibrətamiz deyimlər, atalar sözləri və digər məsələlər öz əksini tapıb".