Əlaqə Arxiv
news Image
2012.05.02
21:12
| A A A
ADA-da informasiya texnologiyaları üzrə kadrlar hazırlanacaq

Movqe.az xəbər verir ki, Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, professor Hafiz Paşayevin dəvəti ilə Azərbaycan Diplomatik Akademiyasında olub.

Rektor Hafiz Paşayevlə görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılıb, akademiyada beynəlxalq münasibətlər, biznesin idarəedilməsi, mühəndislik və informasiya texnologiyaları sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanıb.

Nazir Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyaları sahəsinin prioritet elan edilməsi ilə sahəyə diqqətin daha da artırıldığını, ölkədə İKT sektoru üzrə həyata keçirilən böyük layihələr fonunda yeni kadrların hazırlanmasının zəruriliyini qeyd edib.

Müzakirələrdən sonra akademiyada informasiya texnologiyaları, mühəndislik fakültələrinin təşkili üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının mütəxəssislərindən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.

İşçi Qrupunun beynəlxalq təcrübə, yerli ehtiyac və perspektiv inkişaf istiqamətlərinin öyrənilməsi üzrə ilkin araşdırmalara başlaması nəzərdə tutulur. Bu hədəflər müəyyənləşdikdən sonra təkliflər paketinin hazırlanması və həmin təkliflərin yaxın gələcəkdə nazir Əli Abbasov və ADA rektoru Hafiz Paşayevin də iştirak edəcəyi beynəlxalq seminarda müzakirə edilməsi nəzərdə tutulur.

Görüşdə prorektorlar - Fariz İsmayılzadə, Rəndl Beyker, Qalib Məmməd, həmçinin amerikalı məsləhətçi Daniel Nəqi də iştirak edib.

Tural QABİLOĞLU

Sizin Reklam Yeriniz