Elektron sağlamlıq kartlarında məxfilik tam təmin edilib-Özəl
Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədi ilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər
Artıq istifadəyə verilmiş "Elektron Səhiyyə" internet portalı
vasitəsilə Elektron Sağlamlıq Kartı sistemində qeydiyyata alınan və
unikal kodu mövcud olan vətəndaşlar (kod kartın üzərində qeyd
olunub) özü barədə sistemdə yer alan bütün məlumatları internet
üzərindən əldə edə bilər. Bu məlumat Movqe.az-a Səhiyyə
Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən
verilib. Məlumata görə, sistemdə təhlükəsizlik və məxfilik tam
təmin edilib. Bu məqsədlə sağlamlıq kartının sahibi haqqında
informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədi
ilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq
icazəsi olan şəxslər daxil ola bilərlər. Bütün əlavə və
dəyişikliklər barədə sistemin təhlükəsizlik jurnallarında avtomatik
qeydlər aparılır. Məlumatların ehtiyat surətləri mütəmadi olaraq
disk və lentlərə yazılaraq qorunur. Hazırda Respublikanın şəhər və
rayonlarında nəzərdə tutulan bütün tibb müəssisələrinin sistemə
qoşulması yekunlaşıb. Sistemin inkişafı və digər qurumlarda
(Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi) fəaliyyət göstərən
informasiya sistemləri ilə inteqrasiyası da təmin edilir.