news Image
2013.07.04
11:55
| A A A
Nazirlər Kabinetində "Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun tətbiqinə hazırlıq işlərinə başlanıldı-Eksklüziv
Nəsib Quliyev: "Bu qanunun tətbiqinə bu il ərzində start veriləcək"

"Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun tətbiqinə hazırlıq işləri aparılır. Ölkənin baş pediatrı Nəsib Quliyevin Movqe.az-a verdiyi məlumata görə, hazırda  Nazirlər Kabineti Səhiyyə Nazirliyi ilə birgə qanunun tətbiqinə başlanılması üçün əsasnamə və tələbnamələr hazırlayır: "Lazımi sənədlər hazırlandıqdan sonra uşaqların icbari dispanserizasiyasına başlanılması üçün tələb olunan işlərin icrasına başlanılacaq. Bu qanunun tətbiqinə bu il ərzində start veriləcək. Buna qədər uşaq polikilinikalarında uşaqların  icbari dispanserizasiyasının aparılması üçün lazımi şəraitin yaradılmalıdır. Prezidentimiz bu qanunun qəbulunu ona görə vacib hesab edib ki, bütün uşaqların sağlamlığı qorunsun, uşaqlarda olan xəstəliklər erkən vaxtdan müəyyənləşərək vaxtında müalicəsi aparılsın. Əgər dispanserizasiyada təkcə uşaqların müayinəsini nəzərə alınsaydı, bunun elədə səmərəsi olmayacaqdı. Tutaq ki, icbari dispanserizasiya zamanı uşaqda hansısa xəstəlik aşkarlandı. Valideyn məcburdur ki, belə halda onun müalicəsini öz hesabına aparsın. Bu zaman imkanı çatan valideyn bunu edəcəkdi, maddi sıxıntısı olanlar yox. Amma müalicənin də icbari dispanserizasiyaya salınması uşaqların sağlamlığının dövlət tərəfindən qorunmasını özündə ehtiva etdi. Təbii ki, biz də buna görə ölkə başçımıza təşəkkür edirik. Uşaqların icbari dispanserizasiyası onların sağlamlığının qorunması baxımından çox vacibdir.  Ümumiyyətlə erkən aşkarlanan bütün xəstəliklərin vaxtında müayinəsi müsbət nəticə verir. Bu qanun uşaqlar arasında ölüm həddini də azaldacaq. Dispanserizasiya imkan verəcək ki, hər bir uşaqda müşahidə olunan xəstəlik üzə çıxarılsın və vaxtında müalicəsinə başlanılsın. Bu qanunun ölkə  prezidentinin tövsiyyəsi ilə qəbulu bir daha göstərdi ki, "Uşaqlar bizim gələcəyimizdir" sözləri əbəs yerə işlənilməyib, dövlət öz gələcəyinin sağlamlığına qayğı göstərir".

Qeyd edək ki, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun tələbinə uyğun olaraq aşağıdakı tədbirlər nəzərdə tutulur:

11.1.1. uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla);

11.1.2. müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsinin davam etdirilməsi;

11.1.3. uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi;

11.1.4. sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə edilməsi;

11.1.5. xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;

11.1.6. tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi;

11.1.7. xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə götürülməsi.