Əlaqə Arxiv
news Image
2013.07.04
14:58
| A A A
Suyu hansı dezinfektantla zərərsizləşdirək?
İbadulla Ağayev: "Patogen mikroblardan dizenteriya mikrobları, vəba virionları, qarın yatalağı, pasterellalar, bağırsaq çöpləri xlora çox həssasdır"

"Sudan xlor qoxusu gəlir", "Suya deyəsən yenə xlor qatıblar" və sair bu kimi narazılıqları yəqin ki, çoxunuz eşitmisiniz. Bəs görəsən paytaxta verilən içməli suya, xlorun qatılması ilə bağlı giley-güzar edənlərin narazılıqları nə dərəcədə haqlıdır? 

Suyun xlorla zərərsizləşdirilməsi yaxın zamanlarda  alternativ üsulla əvəzlənə bilərmi?

Bu suallara cavab tapmazdan öncə qeyd edək ki, artıq bəzi xarici ölkələrdə suyun zərərsizləşdirilməsi müxtəlif üsullarla aparılır. Bu üsullardan ən müasiri və geniş istifadə ediləni suyun ultrabənövşəyi şüalarla zərərsizləşdirilməsidir. Ultrabənövşəyi şüalar yüksək bakterisid təsirə malikdir. Hazırda suyun ultrabənövşəyi şüalarla zərərsizləşdirilməsi üçün aşağıdakı tipli lampalar buraxılır: PRK-7 lampası(civə-kvars lampası), OV-AKX-1 elektrik şüa qurğusu, RKS-2,5 lampalı (civə-kvars lampası),OV-1PRKS. BUV-60 P lampalı OV-3N tipli qurğu suyun xaricində qurulur, işıqlanma xaricdən aparılır, bir saatda 8m3 suyu zərərsizləşdirir. Alimlər iddia edirlər ki, ultrabənövşəyi şüalarla suyun zərərsizləşdirirlməsi üsulu suyun xlorlaşdırırlmasından üstündür. Belə ki, bu üsulla suyun təbii, fiziki və kimyəvi xassələri dəyişmir, bakteriyalar daha tez tələf olur, şüalandırmada nəinki mikrobların vegetativ formaları, hətta sporlar da tələf olur. 

"Azərsu" ASC-dən isə bildirirlər ki, suyun xlorla zərərsizləşdirilməsi ən etibarlı və sınanılmış üsuldur. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Movqe.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda suyu ultrabənövşəyi şüalarla zərərsizləşdən qurğu yoxdur. Amma "Azərsu" səlahiyyətlisi bu üsulun ənənəvi, yəni xlorla zərərsizləşdirmədən daha etibarlı olmadığı fikrindədir. Onun sözlərinə görə, Bakıya yüz km-lərə uzaq məsafədən su nəql edilir. Ultrabənövşəyi şüa ilə zərərsizləşdirmə isə müəyyən radiusa qədər öz təsirini qoruyub saxlaya bilir. Bu zaman kəmərlə yaşayış massivlərinə ötürülən suyun tərkibindəki bakteriya və infeksiyaların zərərsizləşdirilməsi tam mümkün deyil. Odur ki, A. Cəbrayıllı ekspertlərin də, suyun xlorla zərərsizləşdirilməsinin tərəfdarı olduğunu söyləyir. Onun sözlərinə görə, suyun tərkibinə xlor normaya uyğun qatılır: "Bir litr suyun tərkibində xlorun miqdarı 0,5ml.qr olmalıdır. "Azərsu" daim bu standartlara nəzarət edir. Əgər suda xlorun miqdarı çox aşkarlanarsa, biz həmin suyun verilməsini həmin an dayandırırırq. Üstəlik xlor uçucu maddədir. Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. 2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun 35-dən çox - orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir. Hazırda mənbələrdən götürülən sular DÜST 2874-82 saylı "İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. Gələcəkdə "Azərsu" ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartların (Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı) tələbləri səviyyəsində öyrənilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı şəhərində müasir tələblərə verən Mərkəzi Laboratoriya inşa olunur. Hazırda isə Abşeron yarımadasına verilən içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq son istifadəçiyə verilənə qədər müxtəlif  mərhələlərdə periodik nəzarət olunur. İçməli suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan labarator analizlərlə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Su nümunələri 25-ə yaxın nöqtədən (mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə obyektləri və s.) götürülür. Avropa standartlarının tətbiqindən sonra nümunə götürülən su mənbələrinin sayı 96-ya çatdırılacaq. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir".

Səhiyyə Nazirliyinin şöbə müdiri Ziyyəddin Kazımov isə deyir ki, indiyədək aparılmış laborotor müayinələrdə suya xlorun normadan artıq qatılması faktı qeydə alınmayıb: "Suyun tərkibində xlorun qalıq miqdarı labarotoriyada analiz olunur. İndiyədək içməli suda quru qalıq xlorun miqdarının normadan artıq olması faktı qeydə alınmayıb. Bu məsələ həmişə diqqətdə saxlanılır və laborotoriyada diqqətlə yoxlanılır". 

Ölkənin baş epidemioloqu İbadulla Ağayev isə hələki suyun zərərsizləşdirilməsində xlorlaşdırmadan etibarlı dezinfektant tanımadığını söyləyir.  Baş epidemioloq deyir ki, içməli suyun, xüsusilə yerüstü suların insan və heyvanlar  arasında yoluxucu və parazitar xəstəliklərin yayılmasında rolunu nəzərə alaraq onun zərərsizləşdirilməsinin böyük əhəmiyyəti var: "Ən əlverişli, ucuz başa gələn, suyu effektli olaraq zərərsizləşdirən, bağırsaq çöplərinin miqdarını kəskin şəkildə azaldan və ən geniş tətbiq edilən üsul suyun xlorlaşdırılmasıdır. Patogen mikroblardan dizenteriya mikrobları, vəba virionları, qarın yatalağı, pasterellalar, bağırsaq çöpləri xlora çox həssasdır. Su xlorlu əhənglə CaOCl2 və ya xlor qazı (Cl2) ilə xlorlaşdırılır. Əgər suya xlor qatılmasa əhali arasında təhlükəli infeksion xəstəliklər baş alıb gedər. Üstəlik suyun tərkibinə xlor müəyyən olunmuş normaya uyğun qatılır. Bu isə xlorun insan səhhətinə mənfi təsir riskini 0-a endirir.Ona görə də, insanlar suya qatılan xlordan narazılıq etməsinlər. Əksinə, təhlükəli virusların, infeksion xəstəliklərin əhali arasında yayılmaması üçün suyun xlorla zərərsizləşdirilməsini tələb etməliyik".


Sizin Reklam Yeriniz