Əlaqə Arxiv
news Image
2013.07.05
11:41
| A A A
"Yaşıl Kart Sistemi"nin tətbiqi üçün tədbirlər görüləcək

Prezident İlham Əliyev "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2013-cü il 14 may tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "İcbari sığortalar haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; "İcbari sığortalar haqqında" qanunun 34-2.0-cı, 34-3.1-ci və 34-4.0.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; 14.3-cü maddəsində nəzərdə tutulmuş ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısını müəyyən etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə beynəlxalq "Yaşıl Kart Sistemi"nin Azərbaycan Respublikasında tətbiqi üçün Maliyyə Nazirliyi ilə birgə lazımi tədbirlər görmək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmanla müəyyən edilsin ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 34-1-34-4-cü maddələr əlavə edilir:

"Maddə 34-1. İcbari sığortalar üzrə informasiya sistemi

34-1.1. Bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra - "informasiya sistemi") qurulur və istifadəsi təmin edilir.
34-1.2. İnformasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsini və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunan vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır.
34-1.3. İnformasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət sığorta nəzarəti orqanının nəzarəti altında İcbari Sığorta Bürosu tərəfindən həyata keçirilir.";

"Maddə 34-2. İnformasiya sisteminin məlumatlarla təchiz edilməsi

34-2.0. Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir:
34-2.0.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;
34-2.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;
34-2.0.3. hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı;
34-2.0.4. nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatlar.";

"Maddə 34-3. İnformasiya sisteminin istifadəsinə dair əsas tələblər

34-3.1. Sığorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro, Büronun iştirakçısı olan sığortaçılar, həmçinin sığortalılar informasiya sisteminin istifadəçiləri hesab edilirlər.
34-3.2. Müvafiq məlumatların informasiya sisteminə daxil edilməsi yolu ilə icbari sığorta müqaviləsinin bağlanması və müqavilədə əks olunan bütün məlumatların həmin sistemdə saxlanılması sığortaçı tərəfindən təmin edilməlidir.
34-3.3. Sığortaçı və Büro baş vermiş sığorta hadisəsinin tənzimlənməsi üçün lazım olan bütün məlumatları informasiya sistemindən əldə etmək imkanına malik olmaqla yanaşı, sığorta hadisəsinə dair informasiya sisteminin elektron qaydada tələb etdiyi məlumatları ora daxil etməli və saxlanılmasını təmin etməlidirlər.
34-3.4. İnformasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Sığorta müqaviləsi bağlanarkən sığortalını bu imkanın hüquqi və texniki xüsusiyyətləri barədə aydın yazılı şəkildə məlumatlandırmaq sığortaçının vəzifəsidir.
34-3.5. Məlumatı informasiya sisteminə daxil edən istifadəçi həmin məlumatı aid olduğu şəxsin tələbi ilə ona təqdim etməlidir.";

"Maddə 34-4. İnformasiya sistemindən məlumatların əldə edilməsi

34-4.0. İnformasiya sisteminin istifadəçiləri onun informasiya ehtiyatından aşağıdakı məlumatları əldə etmək imkanına malikdirlər:
34-4.0.1. Sığortalılar - bağladıqları sığorta müqavilələri və həmin müqavilələr üzrə verilmiş sığorta ödənişləri barədə məlumatlar;
34-4.0.2. Büronun iştirakçısı olan sığortaçılar - özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən verilmiş sığorta ödənişlərinə münasibətdə ayrı-ayrı, həmçinin ümumiləşdirilmiş məlumatlar;
34-4.0.3. sığorta nəzarəti orqanı və Büro - informasiya sisteminin informasiya ehtiyatında olan istənilən məlumatlar;
34-4.0.4. müvafiq icra hakimiyyəti orqanı - informasiya sisteminin şamil olunduğu icbari sığorta növləri üzrə üzərinə icbari sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sığorta müqavilələrinin mövcudluğunun təsdiqi, sığorta müqaviləsinin tərəfi olan sığortaçının adı, sığorta şəhadətnaməsinin nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar.";

Həmçinin, aşağıdakı məzmunda 58.3-1-ci maddə əlavə edilir:

"58.3-1. Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.";

Bundan başqa, 59-62-ci maddələr ləğv edilir.

Sizin Reklam Yeriniz