news Image
2013.07.09
14:46
| A A A
Gəncədə “İnternet mediasında peşə etikası” mövzusunda tədbir keçirilib

İyulun 6-7-də Gəncədə "İnternet mediasında peşə etikası" mövzusunda tədbir keçirilib. Mövqe.az-ın məlumatına görə, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi tərəfindən gerçəkləşən toplantıda respublikanın aparıcı xəbər saytları, agentlikləri eləcə də regional mediada çalışan jurnalistlər, yeni media üzrə mütəxəssislər iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də qatıldığı mərasimdə bildirilib ki,  gerçəkləşdirilməkdə olan təşəbbüsdən məqsəd internet mediada jurnalistlərin peşə etikası ilə bağlı problemləri müzakirəyə çıxarmaqdır.


Açılış nitqi ilə çıxış edən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev 2012-ci ildə təsis olunmuş qurumun məqsəd və vəzifələri, proqramın mahiyyəti və əhəmiyyətindən danışıb.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev demokratik dövlət quruculuğunda Azərbaycan mətbuatının xidmətlərindən, bu sahədə qazanılan uğurlardan söhbət açıb. İcra başçısı qeyd edib ki, Gəncədə mətbuat nümayəndələrinin rahat işləməsi üçün Mətbuat Evi tikilir. Bundan başqa, E.Vəliyev çap mediasının yayılmasına dəstək məqsədilə şəhərin müxtəlif yerlərinə 50-ə yaxın mətbuat yayımı köşkünün qoyulduğunu diqqətə çatdırıb. Həmçinin şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, dövlət başçısının tapşırığı ilə reallaşdırılan böyük layihələrdən danışıb, media təmsilçilərinin suallarını cavablandırıb.


Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli keçirilən tədbirin və yeni mediada peşə etikasının əhəmiyyətini vurğulayıb: "İnternet azad məkandır. Bəzən bu azadlıq ifrat dərəcədə qanun pozuntuları ilə müşahidə edilir. Bəzən internetdə saxta profillər yaradaraq vətəndaşlar başqaları haqqında təhqir, böhtan kimi fikirlər bildirirlər. Həm bu kimi məqamlara aydınlıq gətirilməsi, həm internet üzərindən yayımlanan media orqanlarının fəaliyyətindən olan şikayətlərin araşdırılması, həm də sahənin yeniliklərinin izlənilməsi üçün uğurlu variant tapılıb. Bu ilin əvvəlində Mətbuat Şurasının nəzdində internet media resursları üzrə komissiya yaradılıb".


Daha sonra "Zaman-Azərbaycan" qəzetinin baş direktoru Süleyman Ünal sosial medianın önəmindən, bu sahənin pozitiv və neqativ yönlərindən bəhs edib. O, bu sahədə Türkiyə və Avstraliya təcrübəsi barədə geniş məlumat verib. S.Ünal çıxışında həmçinin sosial medianı müasir dünyanın gerçəkliyi şəklində dəyərləndirib. O, sosial media vasitəsilə dünyada meydana gələn problemlərdən və onların həlli üçün vətəndaşların maarifləndirilməsinin əhəmiyyətindən danışıb. 


İki gün davam edən tədbirdə mövzu müxtəlif yönləri ilə müzakirə edilib, geniş fikir mübadiləsi aparılıb. Tədbir zamanı ölkənin aparıcı xəbər saytlarında, agentliklərində, eləcə də regional mediada çalışan jurnalistlər Gəncənin tarixi yerlərini, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər, şəhərdə aparılan abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olublar.


Qeyd edək ki, adıçəkilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs