Əlaqə Arxiv
news Image
2013.07.09
14:20
| A A A
Rayon xəstəxanalarında niyə zərdab tapılmır?
Azər Maqsudov: "Bu il ərzində 41 ilan sancma faktı qeydə alınıb"

Bu günlərdə Salyanda 6 yaşlı uşağın ilan vurması nəticəsində dünyasını dəyişməsi faktı bir daha bölgələrdəki tibb müəssisələrində zərdab çatışmazlığı məsələsini gündəmə gətirdi. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Movqe.az-a verdiyi məlumata görə, Salyan Mərkəzi rayon  xəstəxanasında zərdab olmadığından 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovaya ilan zəhərinə qarşı zərdab vurulmayıb. Xəstə paytaxta, Respublika Toksikoloji Mərkəzinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A. Maqsudov Movqe.az-a açıqlamasında bildirib ki, ilan vuran insana zərdab 1-2 saat ərzində vurulmalıdır. Əks təqdirdə zəhər qana keçərək bütün bədəni zəhərləyir. A. Maqsudov Salyan rayonunda qeydə alınan hadisə ilə bağlı Salyan Mərkəzi rayon  xəstəxanasın baş həkiminin məsuliyyət daşıdığını söyləyir. Onun sözlərinə görə, əslində bütün xəstəxanalarda zərdab ehtiyatının olması şərtdir. A. Maqsudov eyni zamanda bütün rayonlara zərdab alınaraq göndərildiyini, bununla bağlı hər hansı çatışmazlıq olmadığını söyləyir. Maraqlıdır, rayonlardakı tibb müəssisələrində zərdab qıtlığının yaranmasının səbəbi nədir? 

Səhiyyə Nazirliyindən Movqe. Az-a bildirdilər ki, rayonlardakı tibb müəssisələrinin öz daxili büdcələri var. Xəstəxanaya, tibb məntəqələrinə dərman preparatları həmin büdcədən ayrılan vəsait hesabına alınır: "Hansısa dərman preparatınının alınmasına zərurət varsa, bununla bağlı tender keçirilməsi üçün Satınalmalar üzrə Dövlət Agentliyinə yeni elan göndərilir. Və həmin dərman preparatının alınması üzrə tender keçirirlir. Əgər Salyan Mərkəzi rayon xəstəxanasında zərdaba ehtiyac varsa bununla zərdabın alınması üçün tender keçirilməsi üçün elan verilməli idi".

Nazirlikdən  Salyan Mərkəzi rayon xəstəxanasında zərdabın tapılmamasına görə, xəstəxananın baş həkiminin məsuliyyət daşıdığını təsdiqlədilər. Amma bildirdilər ki, ölüm faktına görə, xəstəxananın baş həkiminə cinayət məsuliyyəti nəzərdə tutulmur. Çünki, zərdab ilan vuran insanın həyatını xilas etmək üçün zəmanət verən dərman preparatı hesab edilmir: "Elə ilan vuran insanlar olub ki, üç dəfə zərdab vurulsa da, həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, zərdab ilan sancması zamanı xəstənin həyatını xilas etmək üçün son və yeganə dərman preparatı hesab olunur. Hazırda Azərbaycanda zərdab istehsal olunmadığından, sözügedən dərman preparatı ölkəmizə xaricdən gətirilir. Rusiya istehsalı olan 2,2 ml zərdabların qiyməti satışda 35 manat təşkil edir. A. Maqsudov son vaxtlar ilan sancmalarla bağlı müraciətlərin artmasının ilan vuran insanın həyatını xilas etmək üçün yeganə şans sayılan zərdaba tələbatı artırdığını söyləyir. Onun sözlərinə görə, bu il ərzində 41 ilan sancma faktı qeydə alınıb ki, bu hadisələrin biri ölümlə nəticələnib. Bu da Salyan rayonunun Şəkərli kəndində qeydə alınıb.


Sizin Reklam Yeriniz