Əlaqə Arxiv
news Image
2012.05.12
10:52
| A A A
Bakıda qalmağa otel tapılmır
«Eurovision»la bağlı otellərdə qiymətlər görünməmiş dərəcədə qalxıb

Azərbaycanda "Eurovision" Mahnı Müsabiqəsi həftəsində müştəri gözləyən tək-tük otel qalıb. Bakıda əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş otellər artıq dolub.

Booking.com saytında Bakının 56 oteli haqqında məlumat yerləşdirilib. Onlardan 14-ü mayın 20-27 tarixlərində boşdur – boş otaqların sayı 1-dən 5-ə qədər göstərilib.

Saytda 7 gecəlik yer üçün qiymət ən azı 2 min manat civarındadır.

Bakıda otellərin qiymətləri əcnəbilərin ürəyini heç də açmır. İsveç mediasında çalışan Tomas Toren bir həftə öncə Bakıda ən ucuz otel axtarışıyla gecəsi 70 manatdan aşağı qiymətə olan yer tapmayıb: "Otel qiymətləri Bakıda həddən artıq bahadır. Mən tez-tez Türkiyəyə səfər edirəm və heç belə vəziyyətlə rastlaşmamışam. Jurnalist kimi mənim üçün bahalı oteldə qalmaq mümkün deyil. Bir tanışımın köməyi ilə Bakıda gecəsi 70 manata ev tapdım, amma o qədər pul veriləsi yer deyildi. Məsələn, Türkiyədə belə şərtlərlə 25-30 avroya otel tapa bilirəm".

Hazırda Bakıda 100-ə yaxın mehmanxana var. Son bir ildə paytaxtda 6 beşulduzlu otel istifadəyə verilib.

Almaniyanın "Swoodoo" turizm bürosunun məlumatına görə, Bakıda elə otellər var ki, qiymətləri 6 dəfə qaldırıblar. Turizm üçün şəraiti məhdud olan ölkədə qiymətlərin bu artımı "Swoodoo" bürosunu təəccübləndirib. "Swoodoo"un təmsilçisi Kristian Saller bildirib ki, Bakıda otellərdə bir gecəlik orta qiymət mayın 22-27 arası 341 avro olacaq. Halbuki, bir neçə həftə əvvəl qiymət 140 avro idi.

Bakıda otel təmsilçilərindən müsabiqəyə görə qiymətləri qaldırdıqlarını deyənlər də olub, bunu təkzib edənlər də.

Məsələn, "Old Gates" otelindən "Azadlıq" radiosuna deyiblər ki, adi günlərdə 100 manata verilən tək otağın qiyməti mayın 20-27-də 250 manata qalxıb.

"Ambassador" oteldən isə bildiriblər ki, müsabiqə həftəsi ən ucuz otaq 250 manatdır. Bu rəqəm müsabiqədən əvvəlki həftə 200 manat olub.

"Abu-Arena" oteli isə hər hansı bahalanmadan söhbət getmədiyini deyir.

Ötən ay Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirmişdi ki, nazirlik mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalara qiymətləri artırmamağı tövsiyə edib: "Mehmanxanalar özəl sektora daxildir. Qiymətlərin qalxıb-qalxmayacağı ilə bağlı heç nə deyə bilməyəcəyəm. "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalarda tam hazırlıq işləri görülüb və turistlərin qəbulu üçün də heç bir problem yoxdur".

"İçərişəhər", "Old Gates", "Ambassador" və digər otellərdən bildiriblər ki, əksər yerləri qonaqlarını yerləşdirmək məqsədilə Mədəniyyət Nazirliyi alıb. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azad bazar prinsipinə görə, otellərdə bahalaşma normaldır.

Ekspertin fikrincə, problem ondadır ki, Azərbaycanda otellər daha çox 3-5 ulduzludur, hər kəsin cibinə uyğun deyil: "Eurovision"un kontingenti əsasən gənc və tələbələrdən ibarətdir. Qərbi Avropadan yox, əsasən, Şərqi Avropadan gəlməsi gözlənilir. Daha kasıb ölkələrdən yəni. Onların "Hilton"da, ya da "Kempinski"də günlüyü 300-500 manat arasında qiymətə qalmağa imkanları olmayacaq. Əsasən kiçik və ucuz otellərin tikilməsinə hədəf qoyulmalıydı".
Sizin Reklam Yeriniz