Əlaqə Arxiv
news Image
2013.07.10
14:21
| A A A
AMEA-da gənc alimlərin ümumi yığıncağı keçirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlərin ümumi yığıncağı keçirilir.


APA-nın xəbərinə görə, gənc alimlərin nailiyyətləri və problemləri, onlara göstərilən dövlət qayğısı barədə geniş məlumatlar AMEA-nın prezidenti akademik Akif Əlizadə, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri professor Əli Həsənov və akademiyanın bütün elmi müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırılıb.

 

Yığıncaqda AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov akademiyanın gənc alimlərinin son 5 ildəki uğur və nailiyyətləri barədə hesabatla çıxış edib. O bildirib ki, gənc alimlər Azərbaycanda və xaricdə mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirir. İ.Orucov qeyd edib ki, son illər Azərbaycan elmi gəncləşib: "Ölkəmizdə dissertasiya müdafiə edən, doktoranturaya daxil olan gənclərin sayı artmaqdadır. Azərbaycanda texniki elmlər sahəsində müdafiə edən gənclərin sayı az olsa da, humanitar sahədə müdafiə edən gənclərin sayı çoxdur".

 

İ.Orucov "Elm siyasəti haqqında" qanunun qəbulunun zəruriliyi vurğulayıb. GİİM-in rəhbəri bu sənədin gənc alimlərin sosial problemlərinin həlli, o cümlədən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə verilən əlavə vəsait məbləğinin, həmçinin ekspedisiyalara ayrılan maliyyənin artırılmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini deyib. İ.Orucov Elm Gününün təsis olunmasının da əhəmiyyətini vurğulayıb, bu barədə dövlətə müraciətin zəruriliyini ifadə edib.

 

Natiq alimlərin mənzil təminatının da aktual problemlərdən olduğunu deyib. O qeyd edib ki, elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka krediti almaq imkanından lazımınca yararlana bilmirlər. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması alimlər üçün çoxmənzilli binanın tikilməsi probleminin həllində yardımçı ola bilər. İ.Orucov doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təşəbbüsünü də irəli sürərək, bunun elmin inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib.

 

Tədbirin davamında AMEA prezidenti Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycanda modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb. Onun sözlərinə görə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində ölkə gəncliyinin üzərinə böyük vəzifələr qoyulur.

 

Hazırda tədbir davam edir.

 

Tədbirin sonunda bu il keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat layihəsi, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsi oxunaraq qəbul olunacaq.


Sizin Reklam Yeriniz