news Image
2013.07.10
12:24
| A A A
Elektron imza vasitəsilə “online” ödənişlər etmək reallaşdı
Məkan və zaman anlayışını ortadan qaldıraraq məhdudiyyətsiz istifadə imkanları yaradan elektron imzanın istifadə dairəsi bir qədər də genişləndirilib. "Hesab.az" - elektron ödənişlər portalı özəl sektor olaraq daha bir ilkə imza atıb.  Movqe.az xəbər verir ki, bundan sonra "www.hesab.az" onlayn ödəniş portalının istifadəçiləri Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən verilən e-imzadan istifadə etməklə istənilən ödənişi həyata keçirə biləcəklər. Eyni zamanda istifadəçi "www.hesab.az" saytındakı şəxsi kabinetini e-imza kartı ilə birləşdirə bilər. Bununla da o, şəxsi kabinetinə e-imza kartında qeyd olunmuş  PİN kodu və ya e-mail ünvanını istifadə etməklə daxil ola bilər. Bu, istifadəçiyə "hesab.az" portalındakı şəxsiyyətinin təsdiqlənməsini tələb edən xidmətləri (məs: internet bankinq) əldə etmək imkanını yaradacaq.  "www.hesab.az" portalında mövcud olan hesabdakı e-mail ünvanı e-imza sertifikatındakı e-imza ilə uyğun deyildirsə, bu barədə portalın inzibatçısına e-mail ünvanını dəyişmək barədə müraciət etmək lazımdır.  Müraciət təsdiqləndikdən sonra portaldakı şəxsi kabinetə e-imza vəsiqəsi vasitəsilə daxil olmaq mümkün olacaq.  Portalın mütəxəssisləri e-mail ünvanlarının avtomatik uyğunlaşdırılması üzərində də işlər aparırlar və bu servis cari ayın axırına qədər həllini tapacaq. Portala daxil olmaq üçün e-imza vəsiqəsindən istifadə haqda portaldan əlavə məlumatlar əldə edə bilərsiniz.  Qeyd edək ki, "www.hesab.az" portalı yaxın vaxtlarda e-imza vasitəsilə bir sıra "online" xidmətlərin göstərilməsinə hazırlaşır.