news Image
2013.07.10
16:00
| A A A
Mətbuat Şurasında qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçilib

Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Mətbuat Şurasından Movqe.az-a verilən məlumata görə, Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları sabah saat 08.30-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edəcəklər. Saat 9-dan qeydiyyat həyata keçiriləcək. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ali məclis saat 10.00-da işinə başlayacaq. Bu qərarlar Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclasında çıxarılıb.  İclasda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyası sədinin VI qurultaydakı hesabat məruzəsi dinlənilib və müzakirələrdən sonra hər iki sənədin ali məclisin gündəliyinə daxil edilməsi məqbul sayılıb.  Qurultayın iş planı və reqlamenti ətrafındakı müzakirələrdə bildirilib ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına və Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik nəzərdə tutulur. AJPDQ-ya dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində aparılıb. Məsələ ölkənin jurnalist ictimaiyyətinə kifayət qədər aydındır. Qurultay həmin dəyişikliklərə münasibətini bildirməlidir. Bunun üçün ali məclis nümayəndələrinə AJPDQ-nın əvvəlki və hazırkı variantı müqayisəli şəkildə təqdim olunacaq. Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyə gəlincə, burada söhbət Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsindən gedir. Qərara alınıb ki, Şuranın İdarə Heyətinin qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olması üçün ali məclis təmsilçilərinin rəyi öyrənilsin. Bu zaman həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olacaq. Bütün bunların ətraflı izahla birgə ayrıca bülletendə yer alması qərarlaşdırılıb. İclasda müzakirəyə çıxarılan növbəti məsələ iyunun 15-dən, yəni Mətbuat Şurasının İdarə Heyətinin qurultay qərarı verdiyi toplantısından sonra ali məclisə hazırlıq istiqamətində görülən işlərin nəzərdən keçirilməsi olub. Məlumat verilib ki, indiyədək Mətbuat Şurasına üzv qurumlara qurultayla bağlı müraciət ünvanlanıb. Onlar qurultayda iştirak üçün nümayəndələrini, eləcə də adı ali məclisin yekun səsvermə bülleteninə daxil edilmək üçün olan namizədlərini müəyyənləşdiriblər. İclasda həmin namizədlərdən ən çox səs toplayanlar üç kateqoriya üzrə qruplaşdırılıb - jurnalistlər, ictimaiyyət nümayəndələri və internet xəbər portallarının təmsilçiləri. Bülletenə 24 jurnalistin, 18 ictimaiyyət nümayəndəsinin və internet mediadan 9 namizədin adı daxil edilib.