Əlaqə Arxiv
news Image
2013.07.11
12:50
| A A A
Prezident Azərbaycan jurnalistlərinin VI qurultayına təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultayına təbrik məktubu göndərib.


Mövqe.az-ın xəbərinə görə, təbrik məktubunu qurultayda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.

 

Tədbir iştirakçılarını salamlayan ölkə başçısı onları qurultay münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda siyasi plüralizmin təmin edilməsində KİV-in sərbəst fəaliyyətinə şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: "1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran  bütün süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına dövlət orqanları vətəndaşlarla mətbuat arasındakı münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərir".

 

Daha sonra prezident bildirib ki, bu gün ölkəmizin artan imkanları KİV-in, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradır: "Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial-müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim  müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcək". 


Sizin Reklam Yeriniz