news Image
2013.07.17
13:15
| A A A
Səbail rayon İcra başçısı jurnalistlərlə görüşdü

Bu gün Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində 22 iyul Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və  50-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələri  iştirak edib. Görüşü giriş sözü  ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bu il artıq 138 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu diqqətə çatdırıb. A.Əsgərov vurğulayıb ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb: "Ölkə başçısının sərəncamına əsasən tikintisi artıq başa çatmış və bir neçə gündən sonra  istifadəyə veriləcək KİV nümayəndələri üçün yaşayış binasının məhz Səbail rayonunda yerləşməsini də əlamətdar haldır".  

KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirib ki, keçən il KİVDF ilə birgə "Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı" mövzusunda tədbir və "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilib, 33 jurnalistin iştirak etdiyi müsabiqədə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunub.  Həmçinin  bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  Tədbirdə çıxış edən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın inkişaf tarixinə nəzər salıb. Müstəqil mətbuatın yarandığı dövrdə KİV-in qarşılaşdığı maliyyə, senzura çətinliklərindən danışan V. Səfərli qeyd edib ki, həmin dövrdə ulu öndərin müvafiq fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları əvvəlcə dondurulub, sonradan isə birdəfəlik olaraq ləğv edilib. Fondun icraçı direktoru rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Ölkə başçısının sərəncamına əsasən inşa olunmuş jurnalistlər üçün yaşayış binasının bir neçə gündən sonra istifadəyə veriləcəyi və sahiblərinə çatdırılacağını qeyd edib. V. Səfərli bildirib ki, artıq Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb 

Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov  və başqaları Milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 50-dan çox  KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.