news Image
2013.07.18
11:19
| A A A
“Elm siyasətinin əsas məqsədi Azərbaycanı bölgənin elm mərkəzinə çevirməkdir”

"Müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirilir. Hazırda akademiya əməkdaşlarının 30 faizini gənclər təşkil edir".


Mövqe.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib. A. Əlizadə gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən, Azərbaycanın ev sahibliyi etdiyi gənclərlə bağlı beynəlxalq tədbirlərdən danışıb.


Dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edən akademik ölkə rəhbərinin AMEA-da aparılan islahatlarla bağlı fikrini nəzərə çatdırıb: "Cari ilin may ayında Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlət başçısı qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Hazırda Azərbaycanın elm siyasətinin məhz bu istiqamət üzərində qurulur".


Akademiyanın prezidenti bildirib ki, elmlə təhsilin inteqrasiyası istiqamətində də mühüm addımlar atılıb: "Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Ali təhsil müəssisələrinin AMEA institutlarının nəzdində baza kafedralarının və AMEA-da Magistratura təhsil pilləsinin yaradılması da nəzərdə tutulub".