news Image
2013.07.20
10:53
| A A A
Görmə qüsurlu 72 nəfərə mini-kompüterlər verilib

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi (RİTN) "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrasını davam etdirir.

 

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması məqsədilə bu il ərzində görmə qüsurlu 72 nəfər 9-12-ci sinif şagirdinə fiziki imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulan mini-kompüterlər verilib.

 

Qeyd edək ki, görmə qabiliyyəti zəif olan insanların həyatını asanlaşdırmaq, onların cəmiyyətlə fəal inteqrasiyasını təqdim etmək  üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və  Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın "NeyroTex" şirkəti tərəfindən dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüterlər hazırlanıb.

 

Ötən il Heydər Əliyev Fondu ilə birgə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 200-dək gözdən əlil şəxsə mini-kompüterlər təqdim edilib.

 

Görmə məhdudiyyəti olanlar üçün mini-kompüter - "Dilmanc D01" adi kompüterin bütün imkanlarına malikdir. "Windows" əməliyyat sistemini və müxtəlif proqramları dəstəkləyir. Kompüterin fərqli cəhəti onun monitorunun və klaviaturasının olmamasıdır. Belə ki, kompüter daxilindəki proqram kompüterdə baş verənləri istifadəçiyə səslə oxuyur. Bu qurğu həmçinin nitqin tanınması proqramı ilə təchiz olunub və istifadəçinin şifahi əmrlərini başa düşərək yerinə yetirir.

 

Eyni zamanda mini-kompüter səsli əmrlər vasitəsilə, onlayn rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, telefon və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.