news Image
2013.07.22
13:07
| A A A
Nikaha məhkəmə qaydasında xitam verilməsi əsasları genişləndirilib

Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum edildiyi halda nikaha məhkəmə qaydasında xitam veriləcək.


Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib və Ailə Məcəlləsinin 17.2.3-cü maddəsini qüvvədən düşmüş hesab edib.


Konstitusiya Məhkəməsindən Mövqe.az-a bildiriblər ki, Ailə Məcəlləsinin (AM) 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Mülki Prosessual Məcəllənin 36.4-cü maddəsinə, Konstitusiyanın 25, 60, 71-ci maddələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu ilə əlaqədar konstitusiya işinə baxıb.


Ombudsmanın sorğusunda göstərilir ki, Ailə Məcəlləsinin 17.2-ci maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.


Sorğuverənin qənaətinə görə, AM-in 17.2.3 və 182.1-ci maddələrində müəyyən olunmuş "ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda" müddəası şəxsin Konstitusiyanın 25, 60, 71-ci maddələrində və 149-cu maddəsinin I və III hissələrində təsbit olunmuş hüquqlarını pozur, habelə hüquq bərabərliyi, bərabər mənafelərə bərabər münasibət bəslənilməsi, normativ hüquqi akta qarşı irəli sürülən haqq-ədalət meyarları prinsiplərinə cavab vermir.


Konstitusiya Məhkəməsinin mövqeyinə görə, ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda, nikaha xitam verilməsinin onların yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından və ərin (arvadın) razılığının olmasından asılı olaraq, məhkəmə qaydasında (AM-in 19-21 maddələrinə əsasən) həyata keçirilməsi Konstitusiyanın və ailə qanunvericiliyinin yuxarıda göstərilən prinsipləri baxımından məqsədə uyğun olardı.


Lakin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından və ərin (arvadın) razılığının olub-olmamasından asılı olmayaraq ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda, digər tərəfin ərizəsi əsasında nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilməsi ərin (arvadın) ailə və nikah hüquqlarını məhkəmədə müdafiə etmək imkanından məhrum edir.


Göründüyü kimi, nikahına xitam verilmiş ər (arvad) nəinki məhkəmədə öz mülahizələrini bildirərək nikahını və ailəsini qorumaq hüququndan, eləcə də, müvafiq icra hakimiyyəti orqanının nikahın pozulması haqqında qərarından məhkəməyə şikayət vermək hüququndan məhrum olur.


Konstitusiya Məhkəməsinin Plenumu cəmiyyətin əsas özəyi kimi nikahın və ailənin dövlətin xüsusi himayəsində olması konstitusiya prinsipinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edir ki, ailə və nikah insanın ayrılmaz təbii hüququdur və şəxsin bu hüquqlarının məhdudlaşdırılmasına yalnız məhkəmə qaydasında yol verilə bilər.


Konstitusiya Məhkəməsinin qərarı ilə Ailə Məcəlləsinin 17.2.3-cü maddəsi Konstitusiyanın hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.


Nikahın pozulmasının qeydə alınması qaydalarını müəyyən edən Ailə Məcəlləsinin 182.1-ci maddəsinin "yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı" müddəası, həmin Məcəllənin 182.2-ci maddəsinin "azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya" müddəası və Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" 31 oktyabr 2003-cü il tarixli Qərarının 5.11.2-ci maddəsinin "azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya" müddəası qüvvədən düşmüş hesab edilib

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs