Əlaqə Arxiv
news Image
2013.08.05
12:04
| A A A
Yay Olimpiya Məktəbinə start verildi

Yunanıstanın qədim Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında (BOA) azərbaycanlı məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün Yay Olimpiya Məktəbi təşkil olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, BOA-nın tərtib etdiyi proqrama uyğun olaraq, Azərbaycan nümayəndə heyəti səfərin ilk günü Yunanıstan paytaxtı Afinanın tarixi məkanları və muzeyləri ilə tanışlıqdan sonra avqustun 3-də qədim Olimpiya şəhərinə yollanıb. Avqustun 4-də də isə azərbaycanlı gənc mütəxəssislər üçün Beynəlxalq Olimpiya Akademiyasında Yay Olimpiya Məktəbinə start verilib.

Məktəbin açılış mərasimində əvvəlcə Olimpiya himni səsləndirilib. BOA-nın direktoru Dionissis Qanqas qonaqları salamlayaraq, Akademiyanın prezidenti İsidoros Kovelosun adından onlara uğurlar arzulayıb. BOA-nın dekanı Konstantinos Georiadis iştirakçıları salamladıqdan sonra akademiyanın yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov nümayəndə heyətinin üzvlərini təqdim etdikdən sonra ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və bu cür əhəmiyyətli bir proqramın təşkilinə görə BOA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra qədim Olimpiya Oyunları və BOA-nın fəaliyyətindən bəhs olunan videoçarx nümayiş olunub.

Nümayəndə heyəti Akademiyanın ərazisində müasir Olimpiya Oyunlarının banisi Baron Pyer de Kubertenin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Qeyd edək ki, Kubertenin öz vəsiyyətinə uyğun olaraq, ürəyi məhz bu abidənin altında dəfn edilib. Abidə önünə əklil qoyulub və Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Əhmədov BOA-nın direktoruna xatirə hədiyyəsi təqdim edib.

Gün ərzində BOA-nın dekanı Konstantinos Georiadis "1961-2013: Beynəlxalq Olimpiya Akademiyasının tarixi" və BOA-nın arxeoloqu Vassiliki Tzaçrista "Qədim Olimpiya Oyunlarının tarixi" mövzusunda mühazirələrlə çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, Akademiyada dərslər avqustun 12-dək davam edəcək və sonuncu gün dinləyicilərə sertifikatlar təqdim ediləcək.

Sizin Reklam Yeriniz