Əlaqə Arxiv
news Image
2013.08.05
18:09
| A A A
Yerli şərab keyfiyyətinə görə hələ də xaricilərdən geri qalır
Vahid Məhərrəmov: «Indiki zamanda bazar şəraitində artıq şərabın keyfiyyətinə xüsusi önəm verilir»

Natiq Cəfərli: "Üzümçülük sahəsinə olan diqqət artırılmalı, markalaşma, brendləşmə prosesi baş verməlidir"


Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanda şərab istehsalı sahəsində ötən illərə nisbətən bir çox  nailiyyətlər əldə edilib. Belə ki, artıq dükanlarda, marketlərdə xaricdən gətirilən şərablarla bərabər, çoxsaylı yerli məhsulları da görmək mümkündür. Lakin bu da bir həqiqətdir ki, qeyd olunan sahədə  yerli məhsullar daxili tələbatı tam ödəmir. Digər tərəfdən yerli məhsullar həm keyfiyyət, həm də satış cəhətdən xaricdən  idxal olunan şərabdan geri qalır. Bunun səbəbləri ilə əlaqədar araşdırma apardıq.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Mövqe.az-a açıqlamasında bu xüsusda deyib: "Azərbaycan  son zamanlar xaricdən gətirilən texnologiya hesabına  yetəri qədər keyfiyyətli şərab istehsal edir. Ümumiyyətlə, Azərbaycanda keyfiyyətli şərab istehsal etmək üçün keyfiyyətli xammala ehtiyac var. Bunun üçün biz keyfiyyətli üzüm sortları  almağa nail olmalıyıq. Bu sahədə məhsuldarlığın səviyyəsinin qaldırılmasına çalışmalıyıq. Bundan əlavə, istehsal zamanı mineral gübrələrdən qaydasında istifadə olumalıdır. İstehsal zamanı xüsusən üzvi gübrələrə üstünlük verilməlidir.  Ona görə ki, bu gün dünyada ən çox bu məsələlərə fikir verilir. Əgər istehsal  olunan xammalın  keyfiyyəti insan orqanizmi üçün zərərli deyilsə, ondan alınan şərabın keyfiyyəti də yüksək olur və belə şəraba üstünlük verilir. Biz əvvəlki illərlə, sovet dönəmi ilə müqayisə etsək, görərik ki, əvvəllər  Azərbaycan 2 milyon tona yaxın üzüm istehsal edirdi. Bunun bir hissəsi şərab istehsalında istifadə olunurdu. Ancaq indi tamamən başqa mühitdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Belə olan halda, biz tələbə fikir verməliyik ki, istehsal olunan şərab standartlara uyğundur, ya yox . Əvvəllər biz Ağdam çaxırı istehsal edirdik. Onu  daha çox Rusiyaya göndərirdik. O zaman ona görə istehlakçılar var  idi ki, Sovet Rusiyası  xaricdən şərab istehsalını çox azaltmışdı. Bu baxımdan əvvəllər istehsalçıların Rusiyada daha çox olması bizə imkan verirdi ki, keyfiyyətə bir o qədər fikir verməyək, istehsal edib göndərək. Amma indiki zamanda bazar şəraitində artıq şərabın keyfiyyətinə xüsusi önəm verilir.  Qonşu ölkələrdən Gürcüstan da Avropa texnologiyasından istifadə edir. Bundan başqa bazarda bizə rəqib olan ölkələrdən Moldova da son zamanlar bu sahəyə xüsusi fikir verir. Daha müasir texnologiyadan istifadə etməklə məhsulun keyfiyyətini artırmağa nail olurlar. Bu baxımdan bizim də hələ görüləcək işlərimiz qabaqdadır. Belə baxanda, biz daxili tələbatımızı yerli şərabla ödəyə bilərik. İstehsal olunan şərabın həcmi bunu deməyə əsas verir. Amma  çalışmalıyıq ki, Azərbaycanda daha çox ixrac qabiliyyəti olsun. Bu həqiqətdir ki, bu gün bizdə şərab istehlakı bir o qədər də çox deyil. Bizim iqlim şəraiti imkan verir ki, daha keyfiyyətli xammal əldə edə bilək və ondan daha yaxşı şərab ala bilək. Biz gərək bunu ixrac edib ölkəyə valyuta gətirə bilək ".  

Iqtisadçı-ekspert Natiq Cəfərli isə saytımıza açıqlamasında problemin səbəbi kimi Azərbaycan bazarında şərab istehsalı sahəsində rəqabətin az olmasını, bundan başqa yerli məhsulların reklama ehtiyacı olduğunu göstərib : "Səbəb Azərbaycanda rəqabətli mühitin zəif olmasıdır. Bilirsiniz ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində şərabçılığa böyük bir zərbə dəydi. Üzüm sahələrinin əksəriyyəti ləğv edilərək yerində başqa kənd təsərrüfatı məhsulların yetişdirilməsi prosesi başladı. İzahı da o idi ki, üzümçülük və şərabçılıq sahəsi digərlərinə nisbətən orta və uzunmüddətli, uzun vədəli gəlir gətirən sahələrdir. Normalda üzüm sahəsi elə bir sahədir ki, 5-7 ildən sonra gəlir gətirməyə başlayır. Bunun üçün güclü investorlar lazımdır ki, bu illər ərzində investisiyalar yatıra bilsinlər və gəlirin gəlməsini gözləyə bilsinlər. Və bunun uzunmüddətli olması ötən illərdə böyük problem yaratdı. Üzüm sahələrinin əksəriyyəti  digər məhsullarla əvəzləndi. 2000-ci ildən sonra bu sahəyə diqqət artırıldı və Azərbaycanın bir çox rayonlarında üzümçülük bağlarının yaradılması, şərab üzümünün əkilməsinə geniş yer verildi.  Amma, dediyim kimi, biz bunun da orta və uzunvədəli nəticəsini görə bilərik . Bu günə olan nəticə ondan ibarətdir ki, daxili bazarda istehsalçıların azlığı  rəqabətli mühiti aşağı salır və rəqabətli mühitin aşağı olması da keyfiyyətə və qiymətlərə təsir göstərir. Bildiyiniz kimi, şərabçılıq elə bir sahədir ki, həm Avropa ölkələrində, həm latın Amerikası ölkələrində çox ucuz və keyfiyyətli istehsala çoxdan keçiblər.  Məsələn, İspaniyada, Yunanıstanda, Potuqaliyada və s. Avropa ölkələrində 2-3 avroya şərab almaq olar. Azərbaycana da yol xərcini, gömrük xərcini gətirib çıxardandan sonra yenə də, yerli şərablarla rəqabət apara biləcək qiymətlərə gəlib çıxır. Həm keyfiyyəti üstün olduğuna görə, həm də marka olduğuna, reklamı güclü olduğuna görə, belə şərablara daxili bazarda daha çox tələb var. Vəziyyətin yaxşıya doğru dəyişməsi üçün həm üzümçülük sahəsinə olan diqqət daha da artırılmalıdır, rəqabətli mühit yaradılmalı və ən əsas  markalaşma, brendləşmə prosesi baş verməlidir ".


Sizin Reklam Yeriniz