Əlaqə Arxiv
news Image
2013.08.12
10:48
| A A A
“Radikal müxalifət seçkilərə bir neçə vahid namizədlə gedəsi oldu”

Azərbaycanın radikal siyasi müxalifətinin 9 oktyabr prezident seçkilərinə hesabladığı yeni seçki taktikası iflasa uğradı.

Onun bir neçə ay əvvəl aparıcı müxalifət qüvvəsinə çevirmək məqsədi ilə yaratdığı Milli Şura fəaliyyətə başlamamış iflic vəziyyətinə düşdü.

Bunu hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun dediyinə görə, Milli Şura rəhbərlərinin buraxdığı strateji və taktiki səhvlər seçkiqabağı bloku kabinetlərdən kənara çıxmağa imkan vermədi.

Millət vəkili deyib ki, onun səmərəsiz olacağı əvvəldən də məlum idi.

A.Mirzəzadənin bildirdiyinə görə, ənənəvi Müsavat, iki Xalq Cəbhəsi partiyası və Rəsul Quliyev qrupuna azsaylı Eldar Namazov - Rüstəm İbrahimbəyov qrupunun qoşulması heç də siyasi cəmiyyətdə güclü bir siyasi blok yarada bilməzdi:

"Yeni blok rəhbərlərinin bir-birinə münasibətlərinin bu dövrə qədər heç də isti olmadığı isə hər kəsə bəlli idi. Sosial bazası güclü olan prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına qarşı mübarizənin asan olmayacağını başa düşən müxalif radikal siyasətçilər, builki seçkilərdə taktikanı dəyişmək qərarına gəldilər.

Qarşıdakı beş ildə Azərbaycanın problemlərinin həlli ilə bağlı ciddi proqram hazırlamaq əvəzinə, onlar 2013-cü ildən sonrakı dövr üçün fantosqamaqorik bir plan tutdular. Plan ilk gündən siyasi analitiklərdə sadəcə, gülüş doğururdu. Real problemlər üzrə real təkliflər irəli sürmək əvəzinə, hakimiyyət rəqibləri ortaya "hər şeyi söküb, yenidən quracağıq" istəklərini ortaya qoydular.

Milli Şuranın nəzarətində olan qəzetlərdən kənara çıxa bilməyən "post-2013 planı" gözlənildiyi kimi qısa müddətdən sonra tamam yaddan çıxdı. Onların Rusiya və Azərbaycanın tanınmış kinorejissoru, 75 yaşlı təqaüdçü Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməsi isə radikal müxalifətin seçkiyə başlamamış uduzmasını etiraf etməsi oldu".

Millət vəkili bildirib ki, siyasi təcrübəsiz İbrahimbəyov ilk addımlardan böyük səhvlər buraxmağa başladı:

"Ötən əsrin 70-ci illərində Heydər Əliyevin dəstəyi ilə uğur qazanan kinorejissorun, siyasi proseslərdən xəbərsiz olduğu üzə çıxdı. Onun Dağlıq Qarabağı mübahisəli ərazi elan etməsi, opponentlərinin ağzından vurulmasına çağırması isə hətta, tərəfdarlarını da heyrətə saldı.

Ən əcaibi isə radikalların vahid namizədinin ikili vətəndaşlığının olmasının üzə çıxması oldu. Onu həlletmə adı ilə Moskvadan kənara çıxmayan İbrahimbəyov, ordusunu paytaxtdan idarə edən kabinet generalına bənzədi. Ötən müddət ərzində radikal siyasi müxaliflərin əsas mövzusu İbrahimbəyovun nə zaman Bakıya gəlib, vəzifəsi ilə məşğul olacağı və onun nə zaman Rusiya vətəndaşlığından çıxması qayğıları oldu.

Bu sürət və istəklə isə məsələnin hətta, yeni ildə də həll edilməyəcəyi aydın görünürdü. Belə vəziyyətdə isə radikallar vəziyyətdən çıxış yolunu blok adından yeni namizədin verilməsində gördülər. Ancaq məlum oldu ki, millət adından şura yaradanların hər biri vahid namizəd kimi ancaq özünü görür. Təcili iclaslar çağırılaraq öz namizədlərinə tramplin hazırlamağa, situasiyanı öz xeyirlərinə çevirməyə çalışdılar.

Hətta, İbrahimbəyov da tərəfdarlarına məktub yazaraq onları yeni namizədlər üzərində düşünməyə çağırdı. Görünən isə odur ki, dağılan ev təsirini bağışlayan Milli Şuranın qalıqları üzərində isə dünənki müttəfiqlərin hər biri öz Milli Şurasını yaratmağa çalışır..."

Sizin Reklam Yeriniz