Əlaqə Arxiv
news Image
2013.08.12
15:34
| A A A
Səhiyyə Nazirliyi "İmedis" aparatının tətbiqi ilə bağlı özəl klinikalarda yoxlamalar aparacaq-Eksklüziv
Dadaş Hümbətov: "“İmedis” aparatı vasitəsi ilə hər hansı xəstəliyin müayinə və müalicəsi aparıla bilməz" Məşhur tibb müəssisələri “İmedis”ilə müayinə xidmətini dayandırıblar

Səhiyyə Nazirliyi  özəl tibb müəssisələrində "İmedis" üsulu ilə müayinə və müalicə metodunun  kliniki tibbi sınaqdan keçirilmədiyini, bu müayinə və müalicə üsulunun öz kliniki təsdiqini tapmadığını açıqlayıb. Bu barədə Movqe.az-a açıqlama verən Səhiyyə Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, "İmedis" üsulu ilə müayinə və müalicə üçün heç bir özəl tibb müəssisəsinə nazirlikdən icazə verilməyib. A. Qədirli bildirib ki,  özəl tibb müəssisələri lisenziya alarkən tibb müəssisəsinin müayinə, diaqnoz və müalicə protokolunda bu barədə  məlumat verməlidirlər: "Bizə "İmedis" üsulu ilə müayinə və müalicə aparılması ilə bağlı hər hansı özəl tibb müəssisəsi müraciət etməyib. Ümumiyyətlə bu aparat vasitəsilə müayinə və müalicənin tətbiqi üçün öncə kliniki tibbi əsaslandırma olmalıdır. Əgər belə bir əsaslandırma yoxdursa həmin müayinə və müalicə üsulu tətbiq edilə bilməz". 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov isə Movqe.az –a bildirib ki, "İmedis" aparatı vasitəsi ilə hər hansı xəstəliyin müayinə və müalicəsi aparıla bilməz. Bu aparatdan həkim köməkçi vasitə kimi istifadə edə bilər: "Biz Daxili İşlər Nazirliyinə bu aparatla bağlı nə məlumat lazımdırsa yazılı şəkildə göndərmişik. Bu yaxınlarda nazirlik tərəfindən əhali  üçün də məlumatlandırıcı daha bir məlumat yayacağıq". 

D. Hümbətov bildirib ki, özəl tibb müəssisələrində bu aparatın tətbiqi ilə bağlı gələcəkdə yoxlamalar da keçirilə bilər.  Baş məsləhətçi ona görə də, əhaliyə bu cür kliniki təsdiqini tapmamış müayinə və müalicə metodlarına güvənməməyi məsləhət görüb. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin "İmedis" klinikasında həkimlərin vətəndaşları aldatması faktını  üzə çıxarmasından sonra bu müayinə və müalicə metodunu tətbiq edən məşhur tibb müəssisələri "İmedis"ilə müayinə xidmətini dayandırıblar. "İmedis" üsulu ilə müayinə və müalicəni bəh-bəhlə reklam edən "Bioloji Təbabət " və "Nərgiz" klinikalarından Movqe.az-a bildiblər ki, artıq sözügedən tibb müəssisələri bu müayinə üsulunu tətbiq etmir. "Nərgiz" klinikasının baş həkimi Məlahət  Qəhrəmanova Movqe.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi klinikada artıq "İmedis" üsulu ilə müayinə və müalicə aparılmır. Amma klinikanın baş həkimi bunun səbəbini açıqlamayıb. "Bioloji  Təbabət" klinkasından isə bildiriblər ki, həkimlər məzuniyyətdə olduğundan, klinikada "İmedis" üsulu ilə müayinə və müalicə artıq aparılmır. Qeyd edək ki, "İmedis" aparatı ilə müayinə və müalicə qurd xəstəliklərində istifadə olunur. İddiaya görə, cihazın qələm kimi elektrodu pasiyentin barmağındakı nöqtəyə toxunaraq, müxtəlif növ parazitlərin dalğalarını növbə ilə onun daxili orqanlarına ötürür. Əgər pasientin bədənində müvafiq parazit varsa, onda dalğalar üst-üstə düşür və kompyuter bunu qeydə alır. Aşkar edilmiş parazitlər əks dalğalarla məhv edilirlər. Ancaq Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Yasamal rayonunda yerləşən "İmedis" klinikasında həkimlərin vətəndaşları aldatması faktını  üzə çıxarıb. Belə ki, vətəndaş Cəsarət Baxşəliyev Baş İdarəyə müraciət edərək bildirib ki, "İmedis" klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və "İmedis Ekspert" aparatı vasitəsilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlaması barədə diaqnoz qoyulub. Tibb Klinikasında həmçinin vətəndaşa bildirilib ki, "İmedis Ekspert" aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib. Bundan əlavə, daha 2 vətəndaş  - Faiq Baxşıyev və Seyfulla Abdullayev də Baş İdarəyə ərizə ilə müraciət edərək "İmedis" klinikasında həkim Şəlalə Əzimova tərəfindən eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər. Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən, dəyəri 2500 manat olan "İmedis Ekspert" aparatı ilə həqiqətən müayinə və müalicə aparılır. "İmedis Ekspert" aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Alınan cavabda aparatların qeyri-dəqiq, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsi ilə mümkün olmadığı bildirilib. Bununla da müəyyən edilib ki, klinikanın rəhbəri, Sumqayıt şəhər sakini, 47 yaşlı Leyla Məmmədova və onun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı 43 yaşılı Əhəd Abadipəsənd xeyli müddətdir ki, çoxsaylı vətəndaşı bu yolla aldadaraq dələduzluq yolu ilə külli miqdarda pullarını mənimsəyiblər. Araşdırmalarla daha sonra müəyyən edilib ki, analoji müayinə və müalicə üsulları Bakı şəhərində fəaliyyət göstərən bir sıra klinikalarda da tətbiq edilir. Müəyyən olunmuş cinayət faktı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. DİN-dən o da bildirilib ki, bəzən oxşar müayinə və müalicə üsulları ilə bağlı əsassız reklamlara KİV-də də rast gəlmək mümkündür. Odur ki, DİN vətəndaşlara tövsiyə edir ki, belə aldatma və dələduzluq halları ilə rastlaşdıqda 102 Xidmətinə, eləcə də (012) 590-39-10, (012) 590-98-58 saylı telefonlara zəng vuraraq məlumat versinlər.


Sizin Reklam Yeriniz