Əlaqə Arxiv
news Image
2013.08.13
13:26
| A A A
Mihael Mifsud: "Ölkənizi Ermənistanla yox, Dubayla müqayisə etmək yaxşı olardı"

"Azərbaycan millisinin oyunlarını görmüşəm. Deməliyəm ki, yığmanız oynamaq üçün maraqlı komandadır". Apasport.az saytının məlumatına görə, bu fikirləri Malta yığmasının kapitanı Mihael Mifsud deyib. 


Azərbaycanla yoldaşlıq görüşü keçirmək üçün Bakıya gələn Malta millisinin lideri mətbuat üçün açıq məşq öncəsi azərbaycanlı jurnalistlərin qarşısına çıxıb.


Apasport.az-ın suallarını cavablandıran hücumçu millimizin matçlarının yetərincə maraqlı keçdiyini bildirib: "Bakını, meydançanı bəyənirəm. Sabahkı oyun barədə çox yaxşı fikirdəyəm. Düşünürəm ki, maraqlı görüş olacaq".


İyunda rəsmi oyunlar çərçivəsində Ermənistan yığmasına İrəvanda 1:0 hesabı ilə qalib gələn maltalılar bununla daha çox diqqət mərkəzinə düşüblər. 


Mifsuddan Azərbaycan və Ermənistanı, eləcə də bu ölkələrin futbolunu müqayisə etməsini istədik: "Buradakı şəraitdən, qaldığımız yerdən çox razıyam. Biz şəhərin mərkəzində məskunlaşmışıq. Azərbaycanı Ermənistanla yox, Dubayla müqayisə etmək daha yaxşı olardı".


Mikael millimizin Malta ilə yeganə oyununun - 11 il öncə səfərdə 0:5 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşünün də iştirakçısı olub. Özü də həmin oyunda bizə 2 qol vuran Malta futbolunun əfsanəvi xatirələrə daldı: "Həmin matç yaxşı yadımdadır. 2002-ci ildə Azərbaycana 5:0 hesabı ilə qalib gəldik. Mən də 2 qol vurdum. O da yoldaşlıq görüşü olsa da, bizim üçün ev oyunu idi. Evdə biz həmişə yaxşı oynayırıq. Bu, faktdır. Düşünürəm ki, sabahkı matç da yaxşı keçəcək".


Qeyd edək ki, Azərbaycan - Malta oyunu sabah saat 21:00-da başlayacaq.


Sizin Reklam Yeriniz