news Image
2013.08.13
13:35
| A A A
Vüqar Səfərli: «Avqustun 20-dən sonra jurnalistlərə onlar üçün tikilən binaya köçmək üçün icazə veriləcəyinə dair məlumatlar həqiqəti əks etdirmir»

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sənədləşmə prosesi başa çatmadığından burada ev alan media təmsilçilərinin yeni evlərinə köçməsi hələlik mümkün olmayıb. Belə bir vaxtda Modern.az saytının məlumatına görə, KİV işçiləri üçün tikilmiş çoxmərtəbəli binada ev almış jurnalistlər avqust ayının sonuna qədər yeni mənzillərinə köçəcəklər. Saytın yazdığına görə, bu barədə məlumatı binaya müvəqqəti nəzarəti həyata keçirən rəhbər verib. Onun sözlərinə görə, artıq binanın yeni komendantı təyin olunub: "Avqustun 20-dən sonra jurnalistlərə binaya köçmək üçün icazə veriləcək. Mənzillərin sənədləri isə sonradan onlara təqdim olunacaq".

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxladıq. Mövqe.az saytına açıqlamasında Vüqar Səfərli qeyd olunan məlumatın tamamilə yanlış olduğunu, qətiyyən reallığı əks etdirmədiyini bildirdi: "Çox təəssüf edirəm ki, adını qeyd etdiyiniz sayt dəqiqləşdirmə aparmadan belə bir məlumat yayıb. Ümumiyyətlə, həmin sayt KİVDF barədə tez-tez əsası olmayan, yanlış xarakterli məlumatlar yayır. O ki qaldı Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərdə ev almış jurnalistlərin buraya nə zaman köçəcəyinə, hazırda sənədləşdirmə işləri aparılır. Binanı inşa edən şirkət onu Dövlət Qəbul Komissiyasına təqdim etməli və bina Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmalıdır. Daha sonra bina bütövlükdə bizə təhvil veriləcək və bunun ardınca hər bir mənzil tərtib olunmuş aktla sahiblərinə təqdim olunacaq. Hazırda qeyd etdiyim istiqamədə müvafiq işlər həyata keçrilir və  bu, vaxt aparan prosedurdur. Bütün bu işlərin nə zaman başa çatacağına dair isə tam dəqiq vaxt söyləmək mümkün deyil. Bu mənada bir daha təkrar edirəm ki, avqustun 20-dən sonra jurnalistlərə onlar üçün inşa edilmiş binaya köçmək üçün icazə veriləcəyinə dair məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 146 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu" qaydalarının və Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.05.2004-cü il tarixli, 116 saylı sərəncamının tələblərinə əsasən, binalarda yerləşən sahələrin mülkiyyət hüququ əsasında qeydiyyata alınması yalnız həmin binaların Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbulundan sonra mümkün ola bilər.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs