Əlaqə Arxiv
news Image
2013.08.13
19:02
| A A A
Rusiyanın miqrantlarla sərt davranışı Azərbaycanda mənzil bazarını təlatümə gətirib?
Rusiyanın son günlər miqrantlarla sərt davranışı bu ölkəyə işləmək üçün üz tutanları öz vətənlərinə dönmək məcburiyyətində qoyub. Azərbaycandan da Rusiyada müəyyən sayda miqrant məskunlaşdığından həmvətənlərimizin bir hissəsinin geri dönəcəyi qaçılmazdır. Rusiyada yaranmış bu vəziyyət məlumatlara görə, artıq Azərbaycanda daşınmaz əmlak bazarına öz təsirini göstərib. Bakı, Abşeron və Sumqayıtda evlərin və torpaq sahələrinin qiymətində artım müşahidə olunduğu ilə bağlı xəbərlər dolaşır. Movqe.az-a daxil olan məlumata görə, hətta yaxın bir ayda daşınmaz əmlak bazarında fantastik qiymət artımı müşahidə olunacaq. Yayılan xəbərlərin nə dərəcədə real olacağını Movqe.az-a mənzil bazarı üzrə ekspert Nürət İbrahimov şərh edib. N. İbrahimov bildirib ki, Rusiyada miqrantlara olan sərt münasibət Azərbaycanın mənzil bazarına iki aydan sonra öz təsirini göstərə bilər. Amma ekspert bu situasiyanın Azərbaycanın mənzil bazarında qiymətləri təlatümə gətirəcəyinə inanmadığını söyləyib. N. İbrahimov deyib ki, hazırda Rusiyadan öz ölkələrinə deportasiya edilənlər qeyri-leqal miqrantlardır. Onların Azərbaycana gəlişi mənzil bazarını canlandıra bilməz: "Bizim Rusiyadakı oturuşmuş həmvətənlərimiz Rusiyanı tərk etmir. Yalnız onların Azərbaycana gəlişi mənzil bazarında qiymətləri artıra bilər.Çünki, öz maddi durumu ilə seçilən həmvətənlərimiz hazırda Rusiyanı tərk etmirlər".
Sizin Reklam Yeriniz